Məlum səbəblərdən 32 ildir, bağlı olan Türkiyə-Ermənistan sərhədi “Ermənistandan Suriyaya humanitar yardım daşımaq” bəhanəsi ilə açılıb. Ermənistan rəsmiləri sərhəd-buraxılış məntəqəsinin açılmasına görə türkiyəli həmkarlarına təşəkkür ediblər..
Ərdoğan-Paşinyan görüşünün təşkilini, Ərdoğanın Paşinyana kitab hədiyyə etməsini, türkiyəli jurnalistlərin bu günlərdə Ermənistana səfərini, Türkiyə-Ermənistan sərhədinə baxış keçirmələrini də bu planın tərkib hissəsi kimi qiymətləndirmək olar.
Azərbaycan tərəfində, xalqında haqlı suallar meydana çıxır: Ermənistanın Azərbaycan torpaqlarını 30 il ərzində işğal altında saxlaması, etnik təmizləmələr aparması, on minlərlə şəhid, yüzlərlə mina qurbanı, işğal zamanı şəhərlərin, kəndlərin dağıdılması, xarabalığa çevrilməsi, məscidlərin təhqir olunması və digər qeyri-insani əməllər, vəhşiliklər, cinayətlər nə tez yaddan çıxdı?
Azərbaycanın Zəngəzur dəhlizinin açılması ilə bağlı tələbinə Türkiyə tərəfindən daim dəstək ifadə olunur. Ankarada ən yüksək səviyyədə Zəngəzur dəhlizinin açılmasının vacibliyi vurğulanır. Hətta Türkiyə indiyədək Azərbaycanı əmin edirdi ki, Zəngəzur dəhlizi açılmadan Ermənistanla sərhəd açılmayacaq. Bu gün isə bu vədin də unudulduğunu görürük. Nə baş verdi ki, bu vədlər yaddan çıxdı?
Türkiyəyə münasibətdə hər zaman “Bir millət, İki dövlət” prinsipini əsas tutan Azərbaycan son yaşananlardan təbii ki, çox məyus və narahatdır, Ankara bunu yaxşı bilməlidir. Ankara onu da yaxşı bilməlidir ki, Ermənistan heç vaxt etibarlı tərəfdaş, ölkə, qonşu olmayıb. Sonradan peşman olmamaq üçün seçimi indidən düzgün etmək lazımdır.