Anadolu mənzərəsindən baxıldıqda, filmin coğrafiyası təsadüfi seçilməyib. Anadolu – min illərin tarixi, mədəniyyətlərin və miflərin qovuşduğu torpaq – burada həm fiziki, həm də metafizik bir məkana çevrilir. Təbiət, səhra yolları, boz relyef yalnız fon deyil, filmin fəlsəfəsini daşıyan aktyorlardır.
Filmin süjeti bir gecədə açılır: prokuror, həkim, polis və məhkumlar bir cinayət nəticəsində basdırılmış cəsədi axtarırlar. Lakin bu səfər yalnız xarici bir axtarış deyil. Yol boyu susmalar, yersiz dialoqlar, təsadüfi xatirələr və ani gözəlliklər – məsələn, elektrik işığında parlayan qızın siması – bizi bir sual qarşısında qoyur: həqiqətən nə axtarırıq və tapanda nə baş verir?
Filmdə zaman donmuş kimidir. Ceylan dialoqlarla deyil, baxışlarla, boşluqla və təbiətlə danışır. Həkimin son səhnədə meyitin üzündəki zədələri gizlətməsi isə filmin kulminasiyasıdır: bəzən həqiqəti deməmək, onu deməkdən daha böyük bir vicdan yüküdür. Bu, Ceylanın etikaya verdiyi cavabdır – insan bəzən yalanla başqasını qorumağa çalışar, lakin bu da bir cəzadır.
“Bir Zamanlar Anadolu’da” – yalnız bir film deyil, zamanın özüdür. Sanki Tarkovskinin “Zamanı əritmək” ideyası bu filmdə Anadolu torpaqlarında canlanır. İnsan var, lakin hərəkətsiz. Söz var, lakin mənasız. Sükut var və o danışır.
Ceylan bu film vasitəsilə yalnız türk kinosuna deyil, ümumilikdə dünya kinematoqrafiyasına bəyan edir: kino həyatın özü deyil, onun düşüncəyə düşmüş, yavaşladılmış, dərdlərlə dolu izidir.