«Qafqazinfo» xəbər verir ki, T. Xasməmmədov «Facebook» hesabında fotolarla yanaşı ilginc informasiya da yerləşdirib. Belə ki, o, Göyçay icra başçısının müavini olan Yunis Osmanlıya məxsus Ağdaş rayonunun Kükəl kəndində yerləşən bağ evindən nurçuların dərsxana kimi istifadə etdiklərini qeyd edib:
«Şəkillərdə görünən bağ evi və 60 ha torpaq sahəsi millət vəkili Ceyhun Osmanlının atası Göyçay rayon İcra Hakimiyyətinin başçısının müavini Yunus Osmanlıya məxsusdur. Ağdaş rayonun Kükəl kəndində yerləşən bağ evindən nurçuların dərsxana kimi istifadə etdikləri bildirilir».
Qeyd edək ki, bu gün Daxili İşlər Nazirliyi Göyçayda nurçulara qarşı keçirilən əməliyyatla bağlı məlumat yayıb. Məlumatda qeyd olunur ki, aprelin 11-də «Nurçu» dini təriqətinin üzvləri - Göyçay rayon sakinləri Şahin Həsənovun, İlham Həmidovun, Qəbələ rayon sakini Zəkiriyyə Məmmədovun dəvətləri əsasında Türkiyə vətəndaşları «Fırıncı abi» ləqəbli Gülec Mehmet Nuri, Koçoğlu Himmet Uyar Qadir, Uyar Mustafa Kemal, Karagözoğlu Nureddin, Ömer Güzəddəmirçi, həmçinin Bakı şəhər sakinləri Fəxrəddin Xanlayev, Yusif Dadaşov Z.Məmmədova məxsus Göyçay şəhəri Bakı küçəsindəki evdə Qəbələ, İsmayıllı, Ağdaş, Zaqatala və Ucar rayon sakinlərindən ibarət 60-70 nəfərlə toplantı keçiriblər.
Göyçay RPŞ əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində Z.Məmmədovun evinə baxış zamanı 545 ədəd «Nurçu» dini təriqətinə aid yayılması qadağan olunmuş «Risaleyi Nur» kitabları, broşuralar, 61 ədəd disk, 1 ədəd silah üçün optik nişangah, 1 ədəd suvenir xəncər, 1 ədəd avtomat patronunun başlığı, 1 ədəd yaddaş kartı, 2 ədəd mobil telefon yaddaş kartı, 27 ədəd tir mişeni, 1 dəst hərbi geyim və 1 ədəd dünya xəritəsi aşkar edilərək götürülüb.
Aprelin 14-də İ.Həmidovun evinə baxış zamanı 20 ədəd «Nurçu» dini təriqətinə aid yayılması qadağan olunmuş «Risaleyi Nur» kitabları aşkar edilərək götürülüb.
Onların izahatları alındıqdan sonra buraxılıb.