Vaxt.Az

“Bitcoin”də 110.000 dollar iddiası


 

Kriptovalyuta bazarında bahalaşma davam edir

“Bitcoin”də 110.000 dollar iddiası “BitMEX”in həmtəsisçisi Artur Hayesin fikrincə, “Bitcoin” 76 500 dollara qədər geri çəkilməzdən əvvəl 110 min dollara qədər yüksələ bilər. Hayes potensial artımı ABŞ Federal Ehtiyat Sisteminin (FED) monetar sərtləşdirmədən kəmiyyət yumşalmasına keçəcəyi ilə bağlı gözləntilərlə əlaqələndirir.

Bu dəyişikliyin maliyyə bazarlarına likvidlik təmin edəcəyini ifadə edən Hayes, “X” platformasında etdiyi paylaşımda, “”Bitcoin” yenidən 76.500 dolları sınaqdan keçirməzdən əvvəl 110.000 dollara çatacaq. FED, istiqrazlar üçün monetar sərtləşdirmədən monetar genişlənməyə keçir”, – deyib.

“Bitcoin” martın 23-də 86.000 dolların üzərində bağlandı və ertəsi gün 88.000 dolları keçdi. Hazırda 3,71 faiz artımla 87 480 dollara satılır. Daha geniş kriptovalyuta bazarında “Ethereum” 4,05 faiz artaraq 2093 dollara çatıb. “XRP” 3 faiz, “Dogecoin” isə 3,8 faiz bahalaşıb.

“Bitkoin”in bazar dəyəri 1,727 trilyon dollara yüksəlib, 24 saatlıq ticarət həcmi isə 93 faiz artaraq 18,2 milyard dollar olub. “Stablecoin” köçürmələri 57,58 milyard dollara çatıb ki, bu da ümumi kriptovalyuta əməliyyatlarının 94,74 faizini təşkil edib.

Bununla belə, bəzi analitiklər ehtiyatlı yanaşır və monetar sərtləşdirmənin hələ də davam etdiyini, lakin daha yavaş tempdə olduğunu vurğulayırlar.

 





25.03.2025    çap et  çap et