Maykl Enton – Dövlət Departamentinin xarici siyasət planlaşdırması departamentinin direktoru. Enton prezident Trampın qatı tərəfdarıdır. 9 il ərzində əvvəl Kaliforniyanın qubernatoru Uilsonun, sonra Nyu-York meri Culianinin yanında dövlət xidmətində olub. Bir müddət də kiçik Buşun komandasında – Milli Təhlükəsizlik Şurasında (MTŞ) çalışıb (4 il). Trampın ilk administrasiyasında MTŞ aparatında milli təhlükəsizlik və strateji kommunikasiyalar üzrə müşavirin köməkçisi olub. Eyni zamanda, prezidentin köməkçisinin müavini vəzifəsini icra edib. 12 il ərzində özəl sektorda çalışıb. “Özəl sektor” deyilərkən alver, inşaat filan düşünməyin – söhbət beyin mərkəzləri, KİV, maliyyə strukturlarından gedir. Yanvarın 30-da vəzifəsinin icrasına başlamazdan öncə Klermont İnstitutunda (mühafizəkarların beyin mərkəzi) çalışıb, “böyük strategiya”, milli təhlükəsizlik və siyasi fəlsəfədən dərs deyib.
Endryu Pik – Milli Təhlükəsizlik Xidmətində (MTX) Rusiya üzrə baş direktordur. Milli təhlükəsizlik üzrə müşavir – Mayl Uolzun məsləhətçisidir. Pristonu (bakalavr) və Harvardı (magistr) bitirib. PhD-ni Hopkinsdə müdafiə edib. Elmi rəhbəri yeni konservatorlardan Eliot Koen olub (mövzusu: Rusiya və İranın proksi müharibələri). Trampın ilk hakimiyyətində dövlət katibinin İran və İraq üzrə köməkçisinin müavini işəyib. Sonra MTŞ-də Avropa və Rusiya üzrə direktor olub. Dövlət Departamentinə gəlişindən öncə Texas Universiteti nəzdində Milli Təhlükəsizlik Mərkəzinin elmi əməkdaşı vəzifəsində çalışıb. ABŞ ordusu sıralarında Əfqanıstan kampanyası zamanı kəşfiyyat zabiti olub. Əfqanıstandan əvvəl Pik iki senator – Qordon Smit və Maykl Yohansın yanında milli təhlükəsizlik və xarici siyasət üzrə müşavir işləyib. İrana qarşı bir sıra qanun layihələrinin işlənilməsində yaxından iştirak edib. Senatın Beynəlxalq Əlaqələr Şurasının üzvü olub.
Bütün bunları niyə yazıram bu bayramın günü? Axtarış verdim, M.Entonun 56, E.Pikin isə təqribən 45 yaşı olar – dəqiq məlumat tapa bilmədim, adamın Vikipediyası belə yoxdur, “Facebook”u isə qapalıdır. Nəyi demək istəyirdim, bizdə 40-45 yaşından sonra humanitar sahədə çalışmış, yaxud çalışmalı olan şəxslər dövlət xidməti üçün yararsızdırlar. Səbəblərinə varmayaq. Elə özəl sektor üçün də. Ancaq niyə? Bəyəm insan yaşlaşdıqca ağıllanıb müdrikləşmir? Yoxsa əksi baş verir?
Avqustdan bu yana məşğulluqla bağlı bir neçə “Telegram” kanalı izləyirəm, təqribən iki ay bundan əvvəl gözüm bir vakansiyaya sataşdı. Düzü əvvəl inanmadım. Deməli, bir qurum politoloq vakansiyasına elan vermişdi. Elə bil ki, gəlirsiniz qəbula, indi HR sizinlə görüşməlidir, diplomlarınızı qoyursunuz masaya və deyirsiniz: salam, mən politoloqam. HR da sizə bir az Beyləqan vəziyyətdən suallar verir, xoşu gəlsə, keçirsiniz o biri mərhələyə. Hələ mən tapşırığı demirəm. Təsəvvür edin: işə tapşırıqla politoloq götürürlər. Ancaq bu da son deyil. Ən gülməlisi bilirsiniz nə idi? Yaş məhdudiyyəti! İşə yaşı 23-31 arasında olan politoloq axtarılırdı. Maraqlı deyilmi? Ta bu politoloqun nə yaşı? Yaxşı ki, bilmədim hansı cinsin nümayəndələrinə üstünlük verilir.
Şəkildə gördüyünüz şəxs yeni nəslə tanış olmasa da, əminəm, yaşıdlarımın hamısının yadındadır. Sovet vaxtı mərkəzi TV-dən hər bazar axşamı beynəlxalq vəziyyətlə bağlı “Beynəlxalq panoram” verilişi yayımlanırdı. Verilişin yaradıcısı və aparıcısı isə şəkildə gördüyünüz Aleksandr Bovin (1930-2004) idi. Bovin sovet dövründə jurnalist, politoloq, diplomat və hüquqşünas, nəhayət – Brejnevin spiçrayteri olub. Mən xatırladığım dövrü, yəni 1990-cı ili götürsək, adamın 60 yaşı var idi. Təsəvvür edirsiniz, adam 60 yaşında TV-də veriliş aparır. Bizdə isə 23-31 yaşında politoloq axtarırlar. İndi bildiniz niyə siyasi mövzudakı şərhlərimiz bir az, bir balaca, cıqqılıca gülməli olur?