Əsərdən təsirlənən iki əfsanəvi rejissor Andrey Tarkovski və Soderberq süjet əsasında iki ayrı-ayrı film çəkiblər. Tarkovski öz Solyarisini 1972-ci ildə lentə alıb. Film uğur qazanıb və Kann kinofestivalında xüsusi mükafata layiq görülüb.
Maraqlıdır ki, yazıçı özü hər iki filmdən olduqca narazı qalıb. Stanislav Lem Tarkovskinin versiyası haqqında bunları deyib,:
“Filmi bərbad çəkdiyinə görə Tarkovski ilə dalaşdım. Tarkovski göstərmək istəyir ki, kosmos çox pis yerdir, Yerdə isə hər şey əladır. Mən isə tam əksini düşünürəm. Ümumiyyətlə Tarkovski heç də “Solyaris” çəkməyib o, tam başqa əhvalatın, “Cinayət və Cəza”nın film versiyasını yaradıb.”
Stiven Soderberqin 2002-ci ildə çəkdiyi “Solyaris”i haqqında isə Lem belə deyib:
“Rejissor başımı aldatdı ki, Hollivudun böyük texniki imkanları var, film əla olacaq. Mən də inandım. O axmaq Soderberq görün neylədi. Filmə sevgi motivi gətirdi. Kosmosda sevgi mənim üçün maraqsız şeydir. Orda daha ciddi söhbətlər var.”