İranın rəsmi xəbər agentliyi İRNA-nın xəbərinə görə, Araqçı İran Qızıl Aypara rəsmiləri ilə görüşündə “silahlı qüvvələr, yardım qrupları, hökumət və xalqın ayıq və hazır olduğunu”, – bildirib.
“İrandakı hazırlıq səviyyəsi hər hansı bir tərəfin bizə hücum etmək fikrindən daşındırır, çünki hamı bunun ağır nəticələrindən xəbərdardır... Əminəm ki, müharibə olmayacaq, çünki biz belə bir ssenariyə tam hazırıq”, – deyə Araqçı bildirib.
Dünən İran mediası bildirib ki, İran XİN rəhbəri Tehranın hazırkı strategiyasının ABŞ-la dolayı danışıqlara yönəldiyini bildirib. Onun açıqlamaları bu il martın 13-də mətbuata müsahibəsi kontekstində verilib.
Araqçı deyib ki, İranın ali lideri Əli Xameneyi “maksimum təzyiq siyasəti altında Vaşinqtonla birbaşa danışıqlara girməyin məntiqi əsasının olmadığına inanır”.
Digər tərəfdən, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals dünən bir daha bəyan edib ki, Vaşinqton təkcə uranın zənginləşdirilməsinin məhdudlaşdırılmasını deyil, həm də İranın nüvə proqramının tamamilə aradan qaldırılmasını tələb edir.
Vals bu gün “CBS News”a deyib: “Biz İranın nüvə proqramının tamamilə sıradan çıxarılmasını istəyirik. İran bütün dünyanın təsdiq edə biləcəyi şəffaf şəkildə öz nüvə proqramından əl çəkməlidir. Bütün variantlar masadadır və İranın nüvə ambisiyalarından tamamilə əl çəkməsinin vaxtıdır”.