Vaxt.Az

Rusiyaya SSRİ taktikası


 

RMB-nin neft qiymətləri ilə bağlı hesabatı

Rusiyaya SSRİ taktikası Rusiya Mərkəzi Bankı (RMB) hökuməti neft qiymətlərinin 1980-ci illərdə baş verən və SSRİ-nin dağılmasında rol oynayan genişmiqyaslı və uzunmüddətli ucuzlaşmasının təkrarlanma ehtimalı barədə xəbərdar edib.

“Reuters” agentliyinin tanış olduğu hesabatda bildirilir ki, bu, ABŞ-da və OPEK-dən kənarda neft hasilatının kəskin artımı ilə əlaqəli ola bilər.

Baş nazir Mixail Mişustinin rəhbərlik etdiyi tədbir üçün hazırlanmış təqdimatda qeyd olunur ki, OPEK-in mövcud ehtiyat gücləri artıq Rusiya neft ixracının həcmi ilə müqayisə edilə biləcək səviyyəyə çatıb ki, bu da qiymətlərin sabitliyi üçün risk yaradır.

Sənəddə, həmçinin, 1974-1985-ci illərdən sonrakı vəziyyətə tarixi paralel aparılıb – həmin dövrdə yüksək qiymətlərdən sonra 18 il davam edən ucuz neft dövrü yaşanmışdı.

Rusiya Mərkəzi Bankı daha əvvəl ölkə iqtisadiyyatının neft qiymətlərindən asılı olduğunu vurğulamışdı, lakin ilk dəfədir ki, uzunmüddətli ucuzlaşma ssenarisini nəzərdən keçirir.

İqtisadiyyat Nazirliyi isə öz hesabatında digər təhlükələrə diqqət çəkib: investisiyaların azalması, xərclərin artması və problemli borclar.

Hələlik OPEK-in tədarükü kəskin artırmağa hazır olduğuna dair əlamətlər yoxdur. Lakin ABŞ və OPEK-dən kənar bəzi ölkələr (məsələn, Braziliya və Qazaxıstan) hasilatı artıra bilər. Bu, xüsusilə vacibdir, çünki Rusiya büdcəsinin üçdə biri neft-qaz gəlirlərindən formalaşır.

 





25.03.2025    çap et  çap et