Vaxt.Az

Say 5 dəfə arta bilər


 

Trampın bütün dünyanı qorxudan nüvə bəyanatı, kütləvi qırğın silahlı kütləviləşir

Say 5 dəfə arta bilər ABŞ prezidenti Donald Trampın xarici siyasətdə atdığı addımlar bütün dünyada narahatlıq doğurur. Siyasətin nəticəsi olaraq yeni nüvə silahlanma yarışının üfüqdə olduğuna dair şərhlər var. İddialara görə, nüvə silahı olan dövlətlərin sayı 25-ə çata bilər.

“The Financial Times” qəzetinin yazdığına görə, ABŞ prezidenti Donald Trampın qayıdışı ilə bütün dünyada nüvə silahlarının yeni dövrü başlayıb.

Soyuq müharibə dövründə ABŞ və SSRİ ən azı bir məsələdə razılığa gələ bilmişdilər. Hər iki tərəf nüvə silahının hamı üçün zərərli olduğuna razılaşmışdı. Hadisələrin gedişatından narahat olan o vaxtkı Amerika prezidenti Con Kennedi 1960-cı illərdə danışıqlar üçün Nüvə silahlarının yayılmaması müqaviləsinin təşəbbüskarı idi.

1970-ci ildə qüvvəyə minən müqavilədə tərksilahın yolu Amerika nüvə çətirini genişləndirməklə müttəfiqlərin çəkindirmə üçün nüvə silahına ehtiyac duymaması ideyasına əsaslanırdı.

***

Lakin Trampın xarici siyasətdə atdığı addımlar, Rusiyaya yaxınlığı, NATO və Avropaya qarşı uzaq mövqeyi Berlindən Varşavaya, Seuldan Tokioya kimi müttəfiq dövlətləri qaçılmaz suallarla qarşı-qarşıya qoyub.

Vaşinqtonun müttəfiqlərinə verdiyi nüvə qalxanı aradan qaldırılsa nə olacaq? Belə bir ehtimala qarşı necə hazırlaşmaq olar?

***

Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə əsasən, nüvə silahına malik dövlətlər Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının beş daimi üzvü ilə məhdudlaşır: ABŞ, Rusiya, Çin, Fransa və Böyük Britaniya.

Bununla belə, müqavilədən çıxan yeganə ölkə Şimali Koreya və həmin müqaviləni imzalamayan İsrail, Hindistan və Pakistan da nüvə silahı yaradan ölkələr sırasındadır.

***

Analitiklərin fikrincə, Trampın xüsusilə Rusiyaya qarşı mövqeyi Avropa və Asiyadakı müttəfiqlərinin bu ölkələrin öz nüvə qalxanlarını qurmağı planlaşdırdıqlarını söyləməsinə səbəb olub.

“The Financial Times” yazır ki, Trampın xarici siyasəti nüvə silahına malik dövlətlərin sayını5 dəfə artıraraq  25-ə çatdıra bilər.

***

Hazırda nüvə variantlarını nəzərdən keçirən ölkələr arasında Almaniya, Polşa, Cənubi Koreya və Yaponiya var. Almaniya Fransa və İngiltərə ilə nüvə silahı paylaşmaq ideyasını müzakirə edir.

Polşa öz ərazisində Amerikanın nüvə başlıqlarını yerləşdirmək istəyir. Yaponiya və Cənubi Koreya nüvə silahından Çin və Şimali Koreyaya qarşı çəkindirici vasitə kimi istifadə etmək niyyətindədir.

 





25.03.2025    çap et  çap et