Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning mətbuat konfransında ABŞ-ın sanksiyalarını “əsassız və qanunsuz” adlandırıb. Məsələ burasındadır ki, ABŞ-ın yeni sanksiyaları Çinin neft alışına ciddi təsir edib. Çin ABŞ-ın sanksiyaları ilə üzləşən və İran neftini daşıyan tankerlərdən 500 milyon dollar həcmində neft almışdı. Husilər Tehranln tapşırığı ilə həmin tankerlərə keçid üçün şərait yaradıb. ABŞ İran neftini daşıyan tankerlərlə yanaşı həmin nefti emal edən zavodlara qarşı da sanksiyanı sərtləşdirib. Bu Çin üçün ikiqat problem yaradır. Çinin xeyli neft emal zavodu var ki, İrandan neft alır.
Beləliklə, Vaşinqton İranla Çin arasında neft zəncirini qoparmağa çalışır. Çin İran neftinin əsas alıcısıdır. Bununla Ağ Ev İranı neft alışından əldə etdiyi gəlirdən məhrum etməyi qarşısına məqsəd qoyub. Vaşinqton elə etmək istəyir ki, heç bir dövlət, o cümlədən Çin İrandan neft ala bilməsin. Pekin Vaşinqtonun bu siyasətinin əleyhinə olsa da, Rusiya neftinin alışını azaltdığı kimi, İran neftinin də alışını azaltmaq məcburiyyətində qalacaq. Çin alternativ variant kimi ərəb ölkələrindən neft alışını artıra bilər. Bu isə ucuz İran neftindən baha olacaq.