Bu birləşmələr, planetin daha isti, daha rütubətli keçmişində həyat üçün lazım olan bütün inqrediyentləri özündə saxlayan qədim Mars gölünün yatağı olan “Yellowknife” körfəzindən götürülmüş 3,7 milyard illik qaya nümunəsində aşkar edilib.
***
Roverdə aparılan sınaqlar süxurda uzun zəncirli alkanların olduğunu göstərdi. Bu üzvi molekulların yağ turşularının qalıqları olduğu düşünülür. Bu birləşmələr cansız kimyəvi reaksiyalar nəticəsində əmələ gələ bilər, lakin onlar yer üzündəki bütün canlı orqanizmlərin hüceyrə membranlarının əsas komponentlərindəndir.
Tədqiqatçılar həyatın mövcudluğunun qəti sübutu olan “bioloji imza” tapdıqlarını iddia etmirlər. Lakin ekspertlərdən biri bu materialın elm adamlarının Marsda həyatın izlərini müəyyən etmək üçün hələ də malik olduqları ən yaxşı kəşf olduğunu deyib.
Paris yaxınlığındakı Atmosfer və Kosmos Müşahidələri Laboratoriyasının tədqiqat kimyaçısı Kerolayn Fressin “Bu molekullar kimya və ya biologiya yolu ilə yarana bilərdi. Əgər Marsda uzun zəncirli yağ turşuları varsa, bu sadəcə bir fərziyyədir, onlar 3,7 milyard il əvvəl mövcud olan hüceyrələrin membranlarının pozulması nəticəsində yarana bilərdi”, – deyib.
“Curiosity Rover” 2012-ci ildə Marsa endikdən sonra Geyl kraterindən 20 mil (32 km) çox qət edib. Missiyadan altı il sonra o, qədim palçıq daşında üzvi maddələrin izlərini aşkar edib, lakin onların hamısı nisbətən qısa karbon zəncirli molekullar idi.
***
Ən son araşdırma üçün Fressin və komandası palçıq daşından qazılmış nümunənin daha böyük hissəsini sınaqdan keçirmək üçün yeni prosedur hazırlayıb. Bu dəfə “Curiosity” daha böyük üzvi maddələr aşkar etib – dekan, undekan və dodekan.
Yer üzərində aparılan tədqiqatlar göstərdi ki, “Cumberland” kimi tanınan Mars qaya nümunəsi, ehtimal ki, istilik prosesi zamanı alkanlara çevrilən karboksilik turşuları (yağ turşuları) ehtiva edir. Alimlər “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunmuş məqalədə yazırlar: “Abiotik (cansız) proseslər bu turşuları əmələ gətirə bilsə də, onlar Yerdə və bəlkə də Marsda biokimyanın universal məhsulları hesab olunurlar”.
Üzvi birləşmələrin əlavə təhlili marağı daha da artırdı. Yerdəki orqanizmlər yağ turşuları istehsal etdikdə, bu birləşmələr adətən bərabər sayda karbon atomunu ehtiva edir. Bunun səbəbi bəzi fermentlərin iki karbon atomu əlavə edərək yağ turşuları meydana gətirməsidir. Alimlər bunun izlərini Mars üzvi maddələrində də tapdılar.