Baş nazir Nikol Paşinyan iranlı diplomatla görüşdə Ermənistanın sülh gündəliyinin həyata keçirilməsinə sadiq olduğunu deyib. Araqçı bu yanaşmaya İranın dəstəyini ifadə edib. “İran Ermənistan və Azərbaycanı tezliklə sülh müqaviləsi bağlamağa çağırır” – bu da Akarçının İrəvanda verdiyi bir başqa açıqlamadır. Nə əcəbsə, İranı təmsil edən şəxs bu dəfə “Zəngəzur dəhlizinin əleyhinəyik” tipli açıqlama verməyib. Görünür, artıq buna ehtiyac yoxdur. Çünki, Nikol Paşinyanın özü dəhlizin əleyhinə olduğuna görə, Tehranın baş nazirin bu siyasətindən narahatlığı azalıb. Digər tərəfdən İran ərazisindən Naxçıvana nəqliyyat dəhlizi olacaq. Bu dəhliz işə düşərsə, Zəngəzur dəhlizinin əhəmiyyəti azalacaq. Əslində, Tehran bununla İrəvana pislik edir. Çünki, Paşinyan Zəngəzur dəhlizinə razılaşsaydı, Ermənistan Orta dəhlizin tərkib hissəsi olacaqdı, belə də isə İran Ermənistanı qabaqlayacaq.
Abbas Araqçı üçün İrəvanda başqa bir önəmli hadisə də baş verib. Ermənistan Xarici İşlər Nazirliyi Araqçının “Danışıqların gücü” kitabını erməni dilinə çevirərək iranlı diplomatın iştirakı ilə təqdimatını keçirib. Kitabın adı Tehranın siyasətinə uyğun gəlmir. Tehranın gücü danışıqlarda olsaydı, bu qədər dövlətlə münasibətlərdə gərginlik içində olmazdı. Keçəl dərman bilsə, öz başına sürtər. İranın gücü danışıqlarda deyil, qonşu dövlətlərin daxili işlərinə qarışmaq cəhdlərində, müxtəlif silahlı qrupları dəstəkləməkdədir.