Vaxt.Az

Paşinyan Dərələyəzi Azərbaycana qaytarır, ...


 

... Yoxsa Azərbaycanı ələ salır?

Paşinyan Dərələyəzi Azərbaycana qaytarır, ... Paşinyan 2020-ci ildə necə idisə indi də həmin adamdır. Qozbeli qəbir düzəldər misalı ona aiddir. Nə 44 günlük müharibə, nə də Xankəndi əməliyyatı onu dəyişməyib. Sadəcə dəyişməməsini fövqəladə manipulyasiya qabiliyyəti ilə gizlədə bilir.

2020-ci ildə o, “sülh üçün yeni ərazilər” doktrinasını irəli sürdü və bu məqsədlə Qarabağdan kənarda - Tovuzda yeni ərazilər ələ keçirib Azərbaycanı alçaldıcı sülhə məcbur etmək istəyirdi. O, 2020-ci ilin iyulundakı Tovuz döyüşlərini məhz bu doktrinanı həyata keçirmək üçün başlamışdı. Arzusu gözündə qaldı.

Paşinyan 2020-ci ildəki ssenarini indi də Zəngəzur dəhliziylə bağlı gerçəkləşdirmək istəyir. Təklif edir ki, Naxçıvanla materik Azərbaycanın maneəsiz əlaqəsinin müqabilində Azərbaycan Ermənistana İrəvanla Mehrini birləşdirəcək dəhliz verməlidir. Başqa sözlə Ermənistan Zəngəzur dəhlizinin müqabilində Azərbaycandan “Naxçıvan dəhlizi” istəyir.

Ermənistanın Baş naziri bu təkliflə ya Azərbaycanı ələ salır, ya da azərbaycanlıları axmaq hesab edir və yaxud Dərələyəzi Azərbaycana qaytarıb, materik Ermənistanla Mehri arasındakı quru əlaqəsini itirmək və sonradan Naxçıvan üzərindən Mehriyə dəhliz əldə etmək istəyir. Mümkün deyil ki, bu adam başa düşməsin ki, Mehriylə Naxçıvana eyni yanaşma tətbiq edilə bilməz. Ermənistanın Mehriylə öz ərazisindən əlaqəsi var, Azərbaycanın isə Ermənistanın ucbatından Naxçıvanla birbaşa və maneəsiz əlaqəsi yoxdur. 10 noyabr Üçtərəfli Bəyanatla Ermənistanın üzərinə Naxçıvanla materik Azərbaycanı birləşdirən MANEƏSİZ nəqliyyat əlaqəsini təmin etmək öhdəliyi qoyulub. Azərbaycanın üzərinə İrəvanla Mehrini birləşdirəcək nəqliyyat əlaqəsini təmin etmək öhdəliyi qoyulmayıb.

Odur ki, Azərbaycan XİN Ermənistan rəhbərliyinə mətbuat vasitəsiylə sorğu göndərməlidir ki, Ermənistan Azərbaycanı axmaq yerinə qoyur yoxsa Dərələyəzi qaytarıb Mehriylə quru əlaqəsini itirib, sonra Naxçıvan üzərindən Mehriyə dəhliz istəyir?! Əgər Ermənistan Dərələyəzi qaytarırsa və bunun nəticəsində İrəvanın Mehriylə quru əlaqəsi itəcəksə, o zaman Azərbaycan qarşılıqlılıq prinsipinə uyğun olaraq Zəngəzur dəhlizinin müqabilində Ermənistana “Naxçıvan dəhlizi” verməlidir.

 





26.03.2025    çap et  çap et