ABŞ büdcəsində 1-ci ən böyük xərc maddəsi borclara görə faiz ödənişidirsə, 2-ci hərbi xərclərdir (850 milyard). Hərbi xərcləri azaltmaq üçün Tramp ABŞ qoşunlarını Avropadan və Orta Şərqdən çıxartmaq istəyir. Bu halda ABŞ-ın Avropada və Orta Şərqdə onlarla hərbi-təchizat bazalarının saxlanmasına, bahalı hərbi təlimlərin keçirilməsinə, bazaların hərbi texnika və canlı qüvvə ilə təchizatına çəkilən xərclərə qənaət etmək olar. Lakin qoşunları çıxartmaq üçün ABŞ 2 məsələni həll etməlidir:
1. Avropadan çıxartmaq üçün – Ukrayna münaqişəsini dayandırmaq,
2. Orta Şərqdən çıxartmaq üçün – İsrailin təhlükəsizliyini təmin etmək.
1-ci məsələnin həlli ilə bağlı ABŞ Rusiya ilə danışıqlar aparır. Bu məsələni tezliklə həll olunmasında hələlik yeganə maneə AB və Britaniyanın mövqeyidir. Tramp bu maneəni dəf edəcəyinə əmindir.
2-ci məsələnin həlli daha çətindir. Orta Şərqdə İsrailin ehtiyat etdiyi yeganə ölkə İrandır. Nə qədər ki, İran İraq və Suriyanın vəziyyətinə salınmayıb, İsrail özünü təhlükəsiz hiss edə bilməyəcək. Buna görə də İran ABŞ-ın Orta Şərqdə 1 nömrəli hədəfinə çevrilib.
Martın əvvəlində Tramp İrana ultimatum göndərdi ki, təcili ABŞ-la "nüvə razılaşması" bağlasın, əks halda İrana qarşı ölümcül sanksiyalar tətbiq edəcək. Ultimatumda İrandan nüvə tədqiqatlarından tamamilə imtina etmək, İran proksi qüvvələrini (husilər, “Hizbullah”, “HƏMAS”, İraq şiə könüllüləri və s terror təşkilatları) maliyyələşdirməyi dayandırmaq tələb olunurdu. Buna cavab olaraq İranın ali rəhbəri bildirdi ki, İran ultimatumla danışıqları qəbul etmir. ABŞ dərhal İran neft tankerlərinə qarşı sanksiyaları daha da sərtləşdirdiyini elan etdi. 11 martda ABŞ-ın maliyyə naziri Bessant bildirdi ki, sanksiyalarımız sayəsində İranın neft ixracı sıfıra düşməlidir.
15 martda ABŞ Bab-əl-Məndab boğazını İsrailə yük aparan gəmilərə açmaq tələbi ilə Yəmən husilərinə (Ənsərullah) qarşı hərbi əməliyyatlara başladı. Yəmənin bir çox məntəqələri Səudiyyə Ərəbistanı, BƏƏ-dəki ABŞ hərbi bazalarından və “USS Harry S. Truman” təyyarədaşıyan gəmisindən qalxan təyyarələr vasitəsilə bombalandı və ya raket hücumuna məruz qaldı.
16 martda Ənsərullah (husilər) USS Harry S. Truman gəmisinə 18 raket və PUA ilə hücum etdi. Gəminin zədə alıb-almaması haqda ABŞ heç bir məlumat vermədi, lakin 22 martda “USS Carl Vinson” təyyarədaşıyan gəmisi də Qırmızı dənizə göndərildi. Bu gəmi Koreya sahillərində hərbi təlimlərdə iştirak etmişdi. Adətən, təlimlərdən sonra gəmi ABŞ-a qayıdır və texnik baxışdan keçirilir. Nədənsə bu dəfə gəmi təcili Yəmən sahillərinə göndərildi.
2 təyyarədaşıyan gəminin eyni vaxtda bir mövqedə olması nadir hadisədir. Belə hal böyük hərbi əməliyyatlar zamanı olur. Məntiqlə indiki halda bunun üçün iki səbəbdən biri olmalıdır:
1. USS Harry S. Truman gəmisi zədələnib və hərbi əməliyyatlarda tam gücü ilə iştirak edə bilmir.
2. Quruya dəniz piyadalarının (desantın) çıxarılmasına hazırlıq gedir.
Hətta gəmi zədələnsə də desant çıxarma əməliyyatında iştirak edə bilər. ABŞ ötən ilki 8 aylıq təcrübəsindən anladı ki, Ənsərullahı yalnız hava hücumları vasitəsilə məğlub etmək mümkün deyil. Mətbuata sızan bəzi məlumatlara görə bu dəfə quru əməliyyatı aparmaq planlaşdırılıb.
Gəmilərin hər birində 90 təyyarə və vertolyot, 3200 dəniz piyadası var. Ehtiyac olarsa, başqa gəmilərlə əlavə dəniz piyadaları gətirilə bilər. ABŞ-ın ənənəvi döyüş taktikası belədir – əvvəl kütləvi təyyarə hücumu təşkil edilir və bütün təhlükə obyektləri bombalanır, sonra isə piyadalar sahilə çıxarılır. Gəmilərdə 180 təyyarə və vertolyot var, Səudiyyə Ərəbistanı və BƏƏ-dən də yüzlərlə təyyarə onlara qoşula bilər, üstəlik İsrail təyyarələri də köməyə gələcəklər. Yəni qısa müddət ərzində havaya 400-ə yaxın təyyarə və vertolyot qaldırıla bilər. Təyyarələrin Yəmən səmasında təhlükəsiz uçması üçün isə əvvəlcədən onun radiolokasiya və HHM sistemləri sıradan çıxarılmalıdır – bu günəcən məhz bunu edirdilər, lakin bunun nə qədər uğurlu olması haqda məlumat yoxdur.
Sonra 6-10 min dəniz piyadası sahilə çıxarıla bilər. Əlbəttə, bu say azdır, amma ABŞ-ın bütün Yəməni işğal etmək məqsədi yoxdur. Onun məqsədi Bab-əl-Məndab boğazı yaxınlığındakı əraziləri nəzarətə götürmək və boğazın İsrail gəmiləri üçün təhlükəsizliyini təmin etməkdir. Hava hücumu əməliyyatı uğurlu olsa, 6-10 min əsgər bunun öhdəsindən gələ bilər.
Lakin bu əməliyyatın bir zəif həlqəsi var: husilər gəmiləri batıra bilərlər. Bu halda ya təyyarələr qalxa bilməyəcək (əməliyyat başlanmazdan əvvəl batırılarsa), ya da geri qayıda bilməyəcəklər (əməliyyat başlayandan sonra batırılarsa), çünki təyyarənin 2-3 saatlıq yanacağı olur, enmə meydançası olmasa, qəzaya uğrayacaq. Bu isə ABŞ üçün görünməmiş fəlakət deməkdir.
Bəs husilər təyyarədaşıyan gəmiləri batıra bilərmi? Husilər artıq hipersonik raketlərə malik olduqlarını bəyan ediblər, hətta sözlərinin həqiqət olduğunu nümayiş etdirmək üçün birini İsrailə atıblar və İsrail HHM sistemi onu vura bilməyib. Bu raketlərlə təyyarədaşıyan gəmini batırmaq mümkündür. Qərb kəşfiyyatı husilərdə neçə belə raketin olduğunu, onların harada gizlədildiyini bilmir. ABŞ PUA-lar vasitəsilə kəşfiyyat məlumatı toplamağa çalışır. İndiyədək husilər ABŞ-ın 13 kəşfiyyat PUA-sını (MQ-9 Reaper) vurublar.
“MQ-9 Reaper” ABŞ-ın ən yaxşı kəşfiyyat-zərbə PUA-larından biri sayılır: 15 km hündürlükdə 1900 km-ə qədər məsafəyə 20 saatadək uça bilir; uzunluğu 11 m, qanadlarının açılışı 25 m, boş çəkisi 2,2 t, maksimal çəkisi 4,8 t, maksimal sürəti 400 km/saat, qiyməti 30 milyon dollardır. Bu PUA-ları ABŞ 2007-ci ildən istifadə edir və indiyədək Yəməndən başqa heç bir ölkədə 2-dən çox “Global Hawk” PUA-sı itirməyib.
ABŞ da quru əməliyyatına məhz bu səbəblərdən başlamağa risk etmir. Keçən həftə Tramp bəyan etmişdi ki, husilər ABŞ-a qarşı hipersonik raketdən istifadə edərsə, ABŞ İranı günahkar biləcək və cavab zərbəsini İrana endirəcək.