Vaxt.Az

Cənubi Qafqazın təhlükəsizliyi üçün…


 

... təminat Tbilisinin də qoşulduğu Ankara-Bakı hərbi müqaviləsi ola bilər

Cənubi Qafqazın təhlükəsizliyi üçün… Avropanın bir çox ölkələrini Rusiyanın qaz asılılığından xilas etmək üçün alternativlər axtarılır. ABŞ müttəfiqi olan ərəb ölkələrinə ümid edir, İranla ciddi danışıqlar aparır, arada qaz istehsalçısı kimi Azərbaycanın da adı çəkilir. Mənə elə gəlir ki, Rusiyanın qulağının dibində səksəkə içində yaşayan ölkəmizin adının qaz nəhəngləri ilə bir sırada çəkilməsi çox da diplomatik deyil. Demirəm ki, Kerri, yaxud Avropa Birliyinin hansısa rəsmisi Bakının adını çəkməklə Rusiyanı üstümüzə qısqırtmaq istəyir, sadəcə, söhbət tamamilə başqa məsələdən, sırf təhlükəsizlik problemindən gedir.

 

***

 

Kremlin Ukraynaya hərbi təcavüzü, Krımı işğal etməsi dünya nizamını pozmaqla yanaşı, Rusiyanın yaxın qonşularını özlərinin təhlükəsizliyi haqqında daha dərindən düşünməyə vadar edib. Baltikyanı respublikalar, Şərqi Avropanın keçmiş sosialist ölkələri daha çox əl-ayağa düşüb, çünki real təhlükə ilə üzləşiblər və Moskvanın xasiyyətinə köhnədən bələddirlər. Moskvanın təcavüzkar hərəkətləri ilə dəyişən geosiyasi çalarlar təkcə Avropanı əhatə etmir, həm də Rusiyanın az və ya çox təsiri olan digər bölgələrdə, o cümlədən Balkanlarda, Qara dəniz hövzəsində və Cənubi Qafqazda da duyulur. Təbii ki, son olaylar Rusiyanın Ermənistanla hərbi müttəfiqliyindən əziyyət çəkən və çevrəsində ciddi proseslər gedən Azərbaycanı da silkələyib. Moskvadan ünvanımıza açıq hədələr yönəldilir. Baxın, Rusiya hökumətinin iradəsini ifadə edən politoloqlardan biri bizləri əməlli-başlı hədələyir, «bütün postsovet ölkələrinin ərazi bütövlüyünün yeganə qarantı Rusiyadır. Əgər Rusiya bunu istəməsə, onların ərazi bütövlüyü pozulacaq» deyir. Ona görə də bu gün hamı, o cümlədən Bakı da, Rusiya adlı əjdahanın cəngindən necə qurtarmaq (daha doğrusu, bu cəngə keçməmək) haqqında düşünür.

Düzdür, ABŞ və Avropa hər yerdə Moskvadan gələn təsirlərin azaldılmasına yönəli real addımlar atmağa başlayıb. Hələlik iqtisadi sanksiyalar işə salınıb, embarqo mexanizmi itilənir, Moskvanı üstün olduğu enerji daşıyıcıları bazarından məhrum etməyə çalışırlar. Ona görə də hazırda Avropanın 40-42 faiz tələbatını ödəyən Rusiya qazına alternativ mənbələr axtarılır və bu kontekstdə də Azərbaycanın adı çəkilir. Lakin nəzərə almaq lazımdır ki, bu məsələdə Azərbaycan qazının vurğulanması bizim üçün ciddi təhlükəyə çevrilə bilər. Nəyə görə?

Əvvəla, Bakının heç bu qədər qaz ehtiyatı yoxdur, hətta İran öz qazını Avropaya verməyə razılaşsa belə, o xətt Azərbaycandan deyil, Türkiyədən keçməlidir.

İkincisi, Bakı TANAP və Transadriatik (TAP) kəməri vasitəsilə Avropanın qazlaşmasında az da olsa iştirak edir, amma bu məsələdə əsas oyunçuya çevrilməsi Azərbaycanı Türkiyədən keçən həmin kəmərlərdən də məhrum edə bilər. Rusiyanın özünün də Türkiyə və Azərbaycanla birgə bəzi qaz layihələrində qismən iştirakına və müəyyən öhdəliklər götürməsinə güvənmək olmaz.

Üçüncüsü, Rusiya qazından asılı olan Türkiyənin Avropanı qazlaşdırmaq məsələsində Moskvanın həyati mənafeyinə qarşı çıxacağı real görünmür. Bütün bu səbəblərə görə belə hesab etmək olar ki, indi Azərbaycanın Avropaya əsas qaz ixracatçısı kimi ortaya atılması vaxtından əvvəl çiçəkləmiş ağac təsiri bağışlayacaq və Şimal şaxtası bu ağacı dərhal vuracaq.

Deməli, bu məsələdə Qərbin bizi həvəsləndirməsinə baxmayaraq, çox ehtiyatlı olmalı və Rusiya ilə münasibətlərin gərginləşməsinə yol verməməliyik. Moskvadan gələn qorxulu mesajı da unutmamalıyıq: «Rusiyadan kənarda yeni «böyük qardaş» axtarmaq cəhdi vəziyyətin dəyişməsinə səbəb olacaq, Azərbaycan, Ermənistan, Moldova da Ukrayna və Gürcüstan kimi dağılacaq».

 

***

 

Amma şər deməsən, xeyir gəlməz. Krımın işğalının Qərbi hərəkətə gətirməsi kontekstində enerji mənbəyi kimi Azərbaycanın təhlükəsizliyi məsələsinin etibarlı həlli üçün əlverişli imkanlar yarana bilər. Yəni Qərbin ciddi marağı olduğu iqtisadi problemi Azərbaycanın ümumi təhlükəsizliyi şərtləri daxilində həll etmək mümkündür. Amma bunun üçün sözdən işə keçilməlidir. Rusiya kabusundan qorunmaq istəyən Qərb alternativ və sabit enerji mənbəyinə sahib çıxmaq istəyirsə, Qafqaz bölgəsində qabaqlayıcı tədbirlər görməlidir. Bunun üçün ən real addım NATO üzvü olan Türkiyənin Azərbaycan və Gürcüstanla hərbi-strateji əməkdaşlıq haqqında müqavilə imzalamasıdır. Nə qədər ki, Qərblə Bakı və Tbilisi arasında Rusiya-Ermənistan hərbi-təhlükəsizlik müqaviləsinə alternativ razılaşma yoxdur, bölgənin taleyi həmişə bir tükdən asılı olacaq. Amma təəssüf…

Ərdoğanın Bakıya dünənki səfəri göstərdi ki, Qərb (və NATO) hələlik Cənubi Qafqazda Rusiyaya qarşı hərbi qalxan yaratmaq barədə qəti fikrə gəlməyib.

Məhz bu səbəbə görə Bakı hazırkı həssas vəziyyətdə, Qərbin bütün şirnikləndirmələrinə baxmayaraq, qaz məsələsində Rusiyanı qıcıqlandıracaq, onunla münasibətləri gərginləşdirəcək heç bir davranışa yol verməməlidir. Əks halda it də gedər, ip də…

 





16.04.2014    çap et  çap et