Vaxt.Az

Güney Azərbaycan və kürd separatizmi


 

Tarixi torpaqlarımıza qarşı təxribatçı iddiaların əsasızlığı

Güney Azərbaycan və kürd separatizmi Son illərdə Güney Azərbaycan türklərinin yaşadığı strateji bölgələrdə – xüsusilə Urmiya, Xoy, Salmas və Sulduzda – kürd separatçı qruplarının fəallığı artmaqdadır. Bu qruplar, fars molla rejimi və xarici güclərin siyasi və maddi dəstəyi ilə, bölgədə süni etnik qarşıdurmalar yaratmağa və tarixi Azərbaycan torpaqlarına iddialar irəli sürməyə çalışırlar. Lakin tarixi faktlar və coğrafi reallıqlar açıq şəkildə göstərir ki, bu cür iddiaların heç bir hüquqi və tarixi əsası yoxdur.

 

Güney Azərbaycanın tarixi və coğrafi bütövlüyü

 

Güney Azərbaycan – Şərqi və Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Həmədan, Qəzvin, Ərak əyalətlərini əhatə edən geniş bitişik bir coğrafiyadır. Min illər boyu bu torpaqlarda Azərbaycan türkləri yaşamış, öz dövlətçilik ənənələrini formalaşdırmış və zəngin mədəniyyət mirası yaratmışlar. Təbriz, Urmiya, Marağa, Zəncan, Həmədan və Qəzvin kimi şəhərlər Azərbaycan türklərinin tarixi mədəniyyət və dövlətçilik mərkəzləri olaraq türk sivilizasiyasının formalaşmasına böyük töhvələr vermişdir.

Buna baxmayaraq, bəzi kürd separatçı qrupları süni iddialarla Güney Azərbaycanın əzəli torpaqlarına göz tikmiş və bölgədə terrorçu fəaliyyətlərini genişləndirməyə çalışmışlar. Xüsusilə, Urmiya, Sulduz və Makı ərazilərində kürd qruplarının təxribatları və mütəşəkkil zorakılıq halları artmışdır. Bu hadisələr göstərir ki, kürd separatizmi yalnız bölgənin sabitliyini pozmaq məqsədi daşıyan fars molla rejimi və xarici güclərin siyasi layihəsidir.

 

Separatçı iddiaların tarixi kökü

 

Kürd separatizminin Güney Azərbaycanda kök salması üçün Azərbaycan düşmənləri uzun illərdir ki,  müxtəlif planlar həyata keçirirlər. Xüsusilə XX əsrin əvvəllərində Osmanlı imperiyasının süqutundan sonra bu güclər bölgədə “Kürdüstan” adlı süni bir dövlət yaratmaq üçün çalışmışlar. Bu planın bir hissəsi kimi, kürd separatçı qruplar Güney Azərbaycan qarşı torpaq iddiaları irəli sürmüş və digər bölgələrdən kürd əhalisinin Azərbaycan ərazilərində yerləşdirilməsini təşviq etmişdir.

Amma tarixi faktlar göstərir ki, Urmiya, Xoy, Salmas və digər Azərbaycan şəhərləri tarixən Azərbaycan türklərinin mədəniyyət beşiyi olmuşdur.

Kürd terrorçu qurplaşmalar hələ 1918-ci ildə Simitko başda olmaqla bölgədə yaşayan Türk və digər  əhaliyə qarşı qətliamlar törətmişlər. Bu hadisələr, kürd separatçılarının bölgəyə yad bir ünsür olduğunu və daim yad güclərin siyasi aləti kimi istifadə edildiyini sübut edir.

Elə buna görə də bu gün Güney Azərbaycanın tarixi torpaqlarına qarşı irəli sürülən hər hansı iddia, təkcə siyasi deyil, eyni zamanda milli kimliyimizə qarşı bir təxribatdır. Güney Azərbaycan türkləri tarix boyu bu torpaqlarda öz dövlətçiliyini və mədəniyyətini qurmuş, bölgənin əsas aparıcı qüvvəsi olmuşdur.

Bu baxımdan, Güney Azərbaycanda milli şüurun daha da güclənməsi, vətəndaşların öz hüquqlarını müdafiə etməsi və separatçı qruplara qarşı hər tərəfli mübarizənin aparılması vacibdir. Xüsusilə, bölgənin strateji şəhərlərində – Urmiya, Sulduz, Xoy, Makı və Salmasda yaşayan azərbaycanlılar tarixlərinin və mədəni irslərinin qorunması üçün birləşməlidirlər.

Əlbəttə, Güney Azərbaycanda separatçı təxribatlara qarşı Azərbaycan bütövlükdə güclü milli iradə və birlik nümayiş etdirilməlidir. Azərbaycan türkləri öz tarixi torpaqlarını qorumaq üçün bütün müstəvilərdə mübarizəyə hazır olmalı və Güney Azərbaycanın tarixi və coğrafi bütövlüyünə qarşı yönələn bütün iddiaların qarşısını qətiyyətlə almalıdır.

 





26.03.2025    çap et  çap et