Vaxt.Az

Qəfəssiz insanlar...


 

... Yaxud Bakı Zooloji Parkında yerdəyişmə

Qəfəssiz insanlar... Zooparkda heyvanlar aləminin şahı sayılan şiri görməyə tələsirdim. Maraqlı idi ki, azadlığının qəfəs hüdudları boyunca olması şirin “aslan”lığını da məhdudlaşdırıbmı ya yox. Bir erkək, iki dişi şir sakit görünür, gah uzanır, gah durub əsnəyirdi. Onlara baxan insanlar isə nərildəyir, şiri aslanlığını göstərməyə təhrik edirdilər. Şir təxribata uymur, özünə əmin şəkildə şux qaməti ilə durub, ətrafı seyr edir və arxasını insanlara çevirərək uzanır. Nərildəyən insanlar kefimi elə pozur ki, meymunlara tərəf yön alıram ki, kefim açılsın. Axı onlar hər zaman şən olur. Çatdıqda isə əksini görürəm. Meymunlar divarın bir küncünə sığınıb, sakitcə oturublar. Burda da insanlar qəfəsin çölündə “meymun”luq edib, onları təhrik edir, sanki biletə ödədikləri pulun haqqını meymundan tələb edirdilər. Gəlmişik, pul ödəmişik, bizi şənləndir demək istəyirdilər. Meymunlar isə təəccüblü baxışlarla onlara baxır, sanki dərindən ah çəkib “səhv düşəndə yerimiz” demək istəyirdilər.

Uzaqdan gələn ulama səsləri məni canavarlar olan yerə gətirib çıxarır. Çatdıqda yenə şoka düşürəm. Canavarlar qəfəs daxilində dairəvi trayektoriya boyunca sürətli hərəkət edir, insanlar isə ulayıb, onları ulamağa təhrik edirdi. Başımı bulayıb, ayı olan tərəfə yön alıram. Ayı uzanıb, arabir gözünü açıb, insanlara baxır və qarnını qaşıyırdı. İnsanlar isə ayıya nələr etməli olduğunu xatırladırdılar.

İki tısbağanın insanlara məhəl qoymadan nəsilartırma, çoxalma ehtiyaclarının ödənməsi isə insanlar üçün göydəndüşmə idi. Telefonu əllərinə alıb, bu prosesi xoşbəxt şəkildə kameranın yaddaşına köçürürdülər.

Rus ailə balaca uşaqlarına qartalın nəyə qadir olduğunu izah etdiyi an, bizimkilərdən birinin uşağına bunların “Allah baba”nın möcüzəsi olduğunu deməsi diqqətimdən yayınmadı.

Zoopark mənə uşaqlığımı xatırladır. O zaman qaldığım Təbriz küçəsindən ayaqla zooparka gedir, əylənirdik. Hətta ilan ilə şəklim var idi. Meymunlar isə indiyə qədər yadımdadır. Bizi xeyli əyləndirirdi. Amma indi bir fərq var idi.  Mən uşaq olanda meymunlar qəfəsin içində görmüşdüm, indi isə çölündə rast gəldim.

O zaman hər kəs öz yerində idi. Heyvanlar qəfəsin içində, insanlar qəfəsin çölündə.

 





26.03.2025    çap et  çap et