Bu barədə Argentinanın “Perfil” nəşrinə verdiyi müsahibədə Buenos Ayresdə səfərdə olan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib.
“Ermənistanı razılaşmaya getməyə vadar edən amillərdən biri də bu fürsətin əbədi olmayacağını dərk etməsidir – bu imkanı əldən vermək səhv olardı”, – deyə Əmirbəyov bildirib.
Onun sözlərinə görə, bu ay başa çatan Bakı ilə İrəvan arasında sülh sazişi mətninə dair danışıqlar münasibətlərin normallaşması və diplomatik əlaqələrin qurulması üçün yol açır. Lakin bunun üçün Ermənistan konstitusiyasında dəyişiklik etməli, ərazi iddialarından imtina etməli və sərhədyanı bölgələrdən xarici qüvvələri çıxarmalıdır.
“Bu saziş son deyil, başlanğıcdır. Sülh bəyanatlarla deyil, konkret addımlarla qurulur”, – deyə azərbaycanlı rəsmi vurğulayıb.
Perfil xatırladır ki, Azərbaycan 2023-cü ildə Qarabağ bölgəsi üzərində tam nəzarəti bərpa edib və bu, sülh prosesinin başlanmasına səbəb olub. Lakin əldə edilmiş razılaşmalara baxmayaraq, ölkələr arasında gərginlik hələ də qalır.
Azərbaycanın xüsusi nümayəndəsi Elçin Əmirbəyov Argentinanın daxili işlər naziri Gilermo Frankosla görüşdə bildirib ki, bu məsələ yalnız bir tərəfin prizmasından qiymətləndirilə bilməz. Onun sözlərinə görə, xüsusilə Argentinanın Malvin adaları məsələsində müdafiə etdiyi ərazi bütövlüyü prinsipini nəzərə alaraq, Azərbaycanın mövqeyini də diqqətə almaq vacibdir.
“Biz istəyirik ki, Argentinada ictimaiyyət Azərbaycanın baxış bucağını eşitsin və qərarlarını yalnız bir tərəfin mövqeyinə əsaslanaraq deyil, obyektiv şəkildə versin”, – deyə o əlavə edib.
Perfil qeyd edir ki, Azərbaycan beynəlxalq ictimaiyyətə, xüsusilə Avropanın enerji sektorundakı rolu və regionda dəyişən geosiyasi balans fonunda, öz mövqeyini çatdırmağa çalışır.