Yerli mənbələrin məlumatına görə, hadisə zamanı sualtı qayığın göyərtəsində təxminən 44 sərnişin olub. Sualtı qayığın sahilə yaxın batması nəticəsində 9 nəfər yaralanıb, lakin son məlumatlara görə, 26 nəfər xilas edilib.
Yaralılardan 4-nün vəziyyəti ağırdır. Yaralılar şəhər xəstəxanalarına çatdırılıb. Məlumata görə, qəza səhər saat 10:00 radələrində limandan təxminən bir kilometr aralıda baş verib.
Rusiyanın Qahirədəki səfirliyi “Facebook”da sualtı qayıqda olanların hamısının Rusiya vətəndaşları olduğunu və onların arasında uşaqların da olduğunu açıqlayıb.
Səfirlik 4 nəfərin öldüyünü təsdiqləyib və digər sərnişinlərlə bağlı məlumat gözlədiyini bildirib.
Hələlik hadisənin səbəbləri və xilasetmə işləri ilə bağlı dəqiq məlumat yoxdur. Misir və Rusiya hakimiyyət orqanları ilə əlaqə saxlanılıb. Hadisənin təfərrüatları ilə bağlı yaxın saatlarda əlavə məlumat olacağı gözlənilir.
Turistik səyahəti təşkil edən Sindbad şirkət illərdir Hurqhada bölgəsində turistlər üçün sualtı turları keçirir. Şirkətin saytında yer alan xəbərə görə, sualtı qayıq 25 metr dərinliyə enə bilir və 500 metr mərcan rifini və dəniz canlılarını müşahidə etmək imkanı verir.
Sualtı qayığın 44 sərnişin oturacağı və hər sərnişin üçün böyük baxış pəncərəsi olduğu bildirilir. Şirkətlə bağlı məlumatlarda dünyada 14 “istirahət sualtı qayığı”ndan ikisinin onlarda olduğunu deyilir.
Hurqhada, çimərlikləri və mərcan rifləri ilə tanınan məşhur turizm məkanıdır.