Vaxt.Az

“Cavabımız daha effektli olacaq”


 

ABŞ-ın avtomobil tarifləri AB-ni hərəkətə keçirməyə təşviq edir

“Cavabımız daha effektli olacaq” Avropa Birliyi (AB) ABŞ-ın idxal edilən avtomobillərə tətbiq etdiyi yeni tariflərə qarşı tədbirlər hazırlayır. AB Komissiyasının sözçüsü Olof Qill Brüsseldə keçirilən gündəlik mətbuat konfransında ABŞ-ın idxal edilən avtomobillər üçün açıqladığı yeni tariflərlə bağlı açıqlama verib.

“Biz iqtisadi maraqlarımızı qorumağa hazırıq. Biz, lazım gələrsə, Birləşmiş Ştatların istənilən ədalətsiz və əks məhsuldar tədbirinə sərt, mütənasib, güclü, yaxşı kalibrlənmiş və vaxtında cavab verəcəyik”, – Qill deyib.

Prioritetlərinin problemi danışıqlar yolu ilə həll etmək olduğuna diqqət çəkən rəsmi, AB ilə ABŞ arasında əlaqələri məhv etmək deyil, qurmaq istədiklərini, ABŞ-ın açıqladığı tədbirlərin tamamilə yanlış istiqamətdə olduğunu bildirib.

ABŞ tərəfinin polad və alüminium idxalına rüsum tətbiq etməyə rəsmən başladığını xatırladan Qill, Avropanın buna təsirli cavab verdiyini vurğulayıb.

Qill ABŞ-dan avtomobillərlə bağlı elanı bu mərhələdə aldıqlarını və qarşılıqlı tariflər adlı yeni bir sıra tədbirlərin gələn həftə qüvvəyə minəcəyini öyrəndiklərini bildirib.

“Bu hadisələr bizi kədərləndirsə də, onlara da hazırlaşırıq”, – qeyd edən Gill, hələ həyata keçirilməyən hərəkətlərə mümkün cavabın nə vaxt gələcəyini açıqlaya bilməsə də, AB-nin nəzərdə tutulan effekti almaq üçün, sərt və yaxşı hazırlanmış şəkildə ABŞ-a cavab veriləcəyini vurğulayıb.

"AB vahid bazarımızı, sənayemizi və şirkətlərimizi qorumaq üçün bütün lazımi addımları atacaq", – Qill  deyib.

ABŞ prezidenti Donald Tramp dünən yerli istehsalı artırmaq məqsədilə idxal olunan minik və yük maşınlarına 25 faizlik gömrük rüsumunun tətbiqi ilə bağlı sərəncam imzalayıb.

Yeni tariflərin aprelin 2-dən qüvvəyə minəcəyi gözlənilir.

 





27.03.2025    çap et  çap et