Vaxt.Az

Sadəcə xoşbəxtlik


 

Qısa hekayə (oxuyun)

Sadəcə xoşbəxtlik Yayın oğlan çağında uzaq və yaşıl bir kənd. Künc-bucağından peyin iyi gələn, göy çəmənlik həyət. Balaca, kürsülü bir ev. Evdən ayrılan cəmi iki cığır. Biri həyətin o başındakı ayaqyoluna, biri də darvazadan çöldəki təpədə tikilmiş un dəyirmanına.

Pilləkənin qurtaracağındakı daş döşəmənin kənarında qoyulmuş samovar. Doğranıb səliqə ilə çəpərin yanındakı çardağın altında bir tərəfdən yığılmış odunlar. Həyətin ortasındakı ətrafı ağac qırıntıları ilə dolu olan kötüyə çalınmış, sapı sürtülməkdən bərq vuran balta. Ot tayasından bir az aralıda, qoyunları içində gizlədən pəyənin yanında ağaca bağlanan, quyruğu ilə üstünə qonan milçəkləri qovmağa çalışan inək. Yuvasının qabağında uzanıb, dilini çənəsi aşağı sallayaraq həyəti seyr edən it, cücələrini altına yığıb özünü yarısı çəpərin o üzündə qalmış əncir ağacının kölgəsinə verən toyuq...

Təndirin başında çörək bişirən hamilə ana. Eyvanda qıyılmış gözlərini damağındakı siqaretin tüstüsünün arasından zilləyərək, xarab olmuş ütünü düzəltməyə cəhd edən, dərisini gün yandırmış ata. Hindən yumurtaları ətəyinə yığaraq, bir aydan sonra dünyaya gələcək körpəni xəyalında oyuncaq kimi oynadan, doqquz il əvvəl doğulmuş qız uşağı. Həyətdə oynayan və bir azdan əllərini yuyub, gəlib eyvanda yerdən salınan nahar süfrəsinə oturacaq irili-xırdalı dörd bacı-qardaş.

Bir də ki... Bir də təndir başındakı ana ilə eyvandakı atanı xəyalən bir-birinə bağlayan Bakıdan − tələbəlik vaxtlarından qalan şirin xatirələr...

Tezliklə uşaqlar böyüyəcək. Ali təhsil almaq üçün Bakıya gedib orada qalacaqlar. Ata ilə ana qocalıb öləcəklər. Heyvanlar satılacaq, təndir torpaqla dolacaq, dəyirmana gedən cığırı ot basacaq, samovarın gözü tutulacaq, odunlar islanacaq, balta kötükdə paslanacaq, köhnə ütü atılacaq. Sonuncu uşaq evi tərk edəcək. Həyətdə həyat öləcək.

Hər şey bir vaxtlar Bakıda ali təhsil aldıqdan sonra nişansız, toysuz kəbin kəsdirərək kəndə gəlib həyatlarını müasir texnologiyalardan xilas edən iki gəncin əvvəlcədən göz önünə aldığı kimi bitəcək...

 





28.03.2025    çap et  çap et