Amerika Birləşmiş Ştatları Geoloji Xidmətinin (USGS) məlumatına görə, paytaxt Nepidodan şimalda, Saqainqdən təxminən 16 kilometr şimal-qərbdə 7,7 və 6,4 bal gücündə ardıcıl iki təkan qeydə alınıb.
Təxminən 10 kilometr dərinlikdə baş verən zəlzələlərdə indiyədək can və ya mal itkisi qeydə alınmayıb.
“Myanmar Now” saytının məlumatına görə, zəlzələ ölkənin ikinci böyük şəhəri Mandalayda, eləcə də ətraf Kyaukse, Pyin Oo Lvin və Şvebo ərazilərində hiss olunub.
Şahidlər Saqainqdə körpünün uçduğunu və Nepidoda bir çox məbədin və evin zədələndiyini bildiriblər.
Hadisə şahidləri Mandalayda bir neçə tarixi binanın çökdüyünü qeyd edərək dağıntılar altında qalan insanların ola biləcəyini bildiriblər.
Yerli media ölkənin hərbi hökumətinə aid internet saytlarının əlçatmaz olduğunu bildirib. Zəlzələnin baş verdiyi bölgə ordu ilə müxtəlif qruplar arasında toqquşmalara səhnədir.
Bu arada yerli vaxtla saat 13:30 radələrində baş verən yeraltı təkan Banqkokda çoxmərtəbəli binalarda güclü hiss olunub və bir çox bina boşaldılıb.
Paytaxtda 17 milyondan çox insanın yaşadığı metropoliten ərazisində siqnalizasiya sistemləri işə salınıb, vətəndaşlar mənzillərdən və hotellərdən pilləkənlərlə düşürülərək küçələrə çıxarılıb.
Banqkok polisi zəlzələ nəticəsində tikilməkdə olan hündürmərtəbəli binanın uçduğunu, yerli media isə 43 nəfərin tikilinin içərisində sıxışıb qaldığını bildirib.
Myanmada baş verən zəlzələdən sonra Tailandın baş naziri Paetongtarn Shinawatra təcili iclas keçirib.