“Oxford” Universitetinin tədqiqatçıları Carl Benedikt Frey və Maykl Osbornun apardığı araşdırmaya əsasən, təxminən 47 faiz peşə növləri avtomatlaşdırma riski altındadır. Bu risk təkcə fiziki əmək deyil, zehni-emosional bacarıq tələb edən müəllimlik və tibbi diaqnostika sahələrinə də aiddir.
Stanford Universitetinin 2024-cü il Süni İntellekt Hesabatında isə göstərilir ki, generativ Sİ alətləri – xüsusilə tədris və klinik qərarvermə sahəsində artıq insan performansını bəzən üstələyir. Məsələn, “OpenAI”nin GPT-4 modeli hüquq və tibb imtahanlarında ortalama tələbədən yüksək nəticə göstərib. “Khan Academy”, “Duolingo” kimi platformalar artıq şəxsi tutor rolunu oynayan süni intellektləri tətbiq edir.
Bu tendensiyanın fonunda sual budur: Təhsil və səhiyyə sektorlarında insan rolunu necə qoruyacağıq? Çünki texnologiya bir vasitədir, məqsəd deyil. Müəllim yalnız bilik ötürən deyil, şəxsiyyət formalaşdırandır. Həkim isə yalnız diaqnoz qoyan deyil, həm də ruh verəndir.
Bu dəyişikliklərə qarşı çıxmaq yox, insanı və texnologiyanı bir-birini tamamlayan tərəfdaşlara çevirmək lazımdır. Əks halda Sİ cəmiyyətin marjinallaşmasına, kütləvi işsizlik və sosial parçalanmaya səbəb ola bilər.
Təhsildə, səhiyyədə və idarəetmədə gələcəyi düşünənlər bu gün qərar verməlidir: Sİ insanı əvəz edəcək, yoxsa insan onu yönləndirəcək?