Vaxt.Az

“X günü”nə hazırlıq


 

Günümüzün İranında maraqlı bir tendensiyanı müşahidə edirsinizmi?

“X günü”nə hazırlıq Məsud Pezeşkian heç bir türkçü, millətçi açıqlamalar vermədən və molla rejiminin hazırkı ədalətsiz siyasətinə də heç bir etirazını bildirmədən, sadəcə, Azərbaycan türkcəsində danışmaqla İran “İslam” Respublikası kimi “qosqoca” dövləti zəlzələ kimi silkələyir, rejimin gücünü gün-gündən laxladır.

Adam rejimə qarşı olduqca maraqlı metod, taktika seçib. Tədbirlərdə imkan düşən kimi Azərbaycan türkcəsində çıxış edir. Müsahibələrini də ana dilimizdə verir. Və onun türk dilində hər çıxışı, hər müsahibəsi hadisəyə çevrilir, İran cəmiyyətində və mediasında böyük rezonans yaradır, hakim elitada və fars millətçilərində ciddi narahatlıq, qəzəb doğurmağa başlayır.

Pezeşkianın bir neçə gün öncə Urmiya gölünün sahilində Azərbaycan türkcəsində danışması da, necə deyərlər, “viral” oldu və fars şovinistlərinə ox kimi batdı.

İranın keçmiş yol və şəhərsalma naziri Abbas Axundi də özünü yuyulmamış çömçə kimi ortaya ataraq Pezeşkiana müraciət etdi və onun türkcə müsahibə verməyə haqqı olmadığını, ona bundan sonra dövlət başçısı kimi ictimai yerlərdə, rəsmi tədbirlərdə yalnız farsca danışmalı olduğunu bildirdi.

Ancaq Pezeşkianın müdafiəsinə qalxan şəxslərin də panfarsçılara etiraz səsləri artıq eşidilməkdədir. Onlardan biri də əslən Güney Azərbaycandan olan tanınmış din xadimi və siyasi fəal Rəhmətullah Bəydilidir.

Rəhmətullah Bəydili Məsud Pezeşkiana ictimai yerlərdə türkcə danışmamalı olduğunu söyləyən Abbas Axundiyə bu gün kifayət qədər sərt və tutarlı cavab verib.

R.Bəydili Abbas Axundinin timsalında bütün panfarsçılara deyib ki, siz türk dilini təhqir etməklə insanları qəzəbləndirirsiniz: “Cənab Axundi, sizin kimi insanların türk dili haqqında belə danışmağı insanların narahatlığına və qəzəbinə səbəb olur, bu ölkəyə və millətə pislik gətirir. Millətin mədəniyyətinə, dilinə qarışmağı dayandırın və onları bu qədər qəzəbləndirməyin! Rəhbərlik sizin göstərişinizin əksinə olaraq çıxışlar edir, danışır, türkcə öyrənməyi tövsiyə edir. Rəhbərliyin türkcə danışdığı üç videosuna baxın və millətin mədəniyyətinə, dilinə qarşı davranışlarınızdan utanın!”.

Rəhmətullah Bəydilinin bu cavab mesajı əslində təkcə A.Axundi kimi rejim nökərlərini və fars irqçilərini yox, ellə molla rejiminin özünü də ciddi şəkildə düşündürməlidir.

Molla rejiminin Azərbaycan türkcəsini İran dövlətinin ikinci rəsmi dili etmək əvəzinə, Axundi kimi mankurtları və fars ultramillətçilərini Pezeşkianın üzərinə qısqırtmaqla və Azərbaycan türkcəsinin rəsmi tədbirlərdə səslənişinə dözümsüzlük göstərməklə, özü də istəmədən, İranın parçalanıb tarix səhnəsindən silinməsi prosesini daha da sürətləndirir. Güneyli soydaşlarımız məhz həmin “X günü”nə indidən hazır olmalıdırlar...

(ardı var)

 





28.03.2025    çap et  çap et