ABŞ prezidenti Donald Tramp keçən həftə Tehrana məktub göndərərək, İranın nüvə proqramı ilə bağlı danışıqlar aparmağı təklif edib.
Tramp isə husilərə qarşı geniş hücumlar təşkil edib və İranın husilərə yardım etdiyini bəyan edib. Tramp İranı husilərə dəstəyini dayandırmağa çağırıb və yardımın dayandırılmaması halında İranın məsuliyyət daşıyacağına işarə edib.
Husilərə qarşı hücumlar davam edərkən, ABŞ “Ruh” ləqəbli “B-2 Spirit” bombardmançı təyyarələrini Hind okeanındakı Dieqo Qarsiya adasına yerləşdirdi.
“Axios” ABŞ rəsmisinə istinadən xəbər verir ki, bombardmançıların yerləşdirilməsi İranla bağlı deyil. Bildirilib ki, bombardmançı təyyarələr bunkerləri məhv edən bombalar daşıya bilir. Bombardmançılar İranın nüvə obyektləri hədəfə ala bilər.
Böyük Britaniyada çıxan “The Telegraph” qəzetinin məlumatına görə, Dieqo Qarsiyaya üç “B-2” bombardmançı təyyarəsi gəlib, daha dörd bombardmançı təyyarənin yerləşdiriləcəyi gözlənilir.
ABŞ prezidenti Donald Tramp deyib ki, Tehran ABŞ-la nüvə danışıqlarını rədd etməkdə davam edərsə, İranın başına “pis şeylər gələcək”.
Hüquq müşaviri Alina Habbanın Nyu Cersi ştatının baş prokuroru təyin edilməsi ilə bağlı Ağ Evdə təşkil olunan andiçmə mərasimində Tramp jurnalistlərin suallarını cavablandırıb.
“Mən bu yaxınlarda onlara məktub göndərdim və dedim ki, siz bu və ya digər şəkildə qərar verməli olacaqsınız, ya danışacağıq, ya da İranın başına çox pis şeylər gələcək”, - Tramp Tehranın nüvə proqramı ilə bağlı sualı cavablandırarkən deyib: “Və mən bunun olmasını istəmirəm”.