Telekanal ABŞ ordusunun paytaxt Sənanın cənubundakı Sənhan bölgəsindəki əs-Səvad rayonuna səkkiz hücum təşkil etdiyini, həmçinin Səada şəhərini də 8 hücumla hədəfə aldığını bildirib. Səada ətrafını hədəf alan bombardman nəticəsində 1 nəfərin öldüyü, 3 nəfərin yaralandığı bildirilib.
Telekanal həmçinin bildirib ki, ABŞ Yəmənin Səada əyalətinin Sohar rayonuna iki hava hücumu həyata keçirib və Yəmənin Əl-Cəvf əyalətinin əl-Həzm rayonunda hökumət iqamətgahı ətrafına 8 hava zərbəsi endirib.
“ABŞ hücumlarını həyata keçirə bilmədi. Bu hücumlar dənizdəki hərbi əməliyyatlarımıza və ya İsrailə raket hücumlarımıza təsir etməyəcək”, - terrorçuların lideri Əl-Husi deyib.
ABŞ bir neçə gün əvvəl husilərə qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb. Husilərə bağlı media bu əməliyyatda onlarla insanın öldürüldüyünü açıqlayıb.
Husilər 2023-cü ilin noyabr ayından Qəzza zolağında fələstinlilərə dəstək məqsədilə Qırmızı dənizdə gəmilərə hücumlar təşkil edir.