Vaxt.Az

20 yaşlı «avtoş»un 20 günlük azadlığı


 

3 həftə əvvəl həbsdən çıxan avtoxuliqan piyadanı vurub öldürdü

20 yaşlı «avtoş»un 20 günlük azadlığı Şirvanda avtoxuliqanlıq əməlinə görə həbsdə olmuş sürücü piyadanı vuraraq öldürüb. Aprelin 15-də saat 22:00 radələrində Şirvan şəhərinin Heydər Əliyev prospektində piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Şirvan sakini, Vidadi küçəsi, 41 ünvanında yaşayan 1994-cü il təvəllüdlü Mustafayev Təbriz İlham oğlu dayısına məxsus «VAZ-2107» markalı 24 BB 756 dövlət nömrə nişanlı avtomobillə böyük sürətlə hərəkətdə olarkən Şirvan sakini, Faiq Cavadov küçəsi, 40 ünvanında yaşayan 1978-ci il təvəllüdlü Səfərov İmaməddin Gülyar oğlunu yolu keçərkən vurub. Piyada ağır kəllə-beyin travması alaraq hadisə yerində dünyasını dəyişib.

Sürücülük hüququ olmayan 20 yaşlı Təbriz Mustafayev piyadanı vurduqdan sonra hadisə yerindən qaçıb. Polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində avtoxuliqan gecə yarısı həbs edilərək polis şöbəsinə gətirilib. Onun barəsində bu gün Şirvan Şəhər Məhkəməsi tərəfindən həbs-qətimkan tədbirinin seçilməsi gözlənilir.

Qeyd edək ki, bundan əvvəl - 5 fevral tarixində Təbriz Mustafayevə avtoxuliqanlıq etdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 296.1.1-ci maddəsi ilə Şirvan Şəhər Məhkəməsinin qərarı ilə 20 sutka həbs cəzası verilib. 25 martda azadlığa çıxan Təbriz Mustafayev 20 gündən sonra yenidən etdiyi avtoxuliqanlıq insan ölümünə səbəb olub. Faktla bağlı Şirvan Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır (APA).

 





16.04.2014    çap et  çap et