Toplantının gündəliyində dayanan əsas məsələ şirkətin bir sıra ölkələrdə fəaliyyətinin dayandırılması barədə olacaq. Belə ki, topneftegaz.ru saytının bildirdiyinə görə, səhmdarları «Statoil»un Kanada, Arktika, Azərbaycan və Anqolada neft-qaz hasilatı layihələrindən çəkilməsini istəyirlər.
Səhmdarlar hesab edirlər ki, daha perspektivli olanı vəsaitlərin alternativ və bərpa olunan enerji mənbələrinin inkişafına yönəldilməsi, habelə Norveçin özündə bu işlərə yatırımların genişləndirilməsidir.
Səhmdarlar «Statoil»un Arktikada neft hasilatı ilə məşğul olmasını da məqsədəuyğun hesab etmirlər və bu işin kifayət qədər riskli olduğunu düşünürlər. Belə ki, hazırda Norveçdə buzlaqlara dağılmış nefti təmizləmək üçün texnologiya mövcud deyil. Bu riskdən qaçmaq üçün buzlaqların sərhədindən ən azı 50 kilometr məsafədə qazma işlərinin aparılmasına icazə verilir.
Xatırladaq ki, bundan əvvəl «Statoil» Azərbaycanın nəhəng qaz layihəsindən - «Şahdəniz-2»dən qismən çəkilib. Ötən ilin dekabrında şirkət bu layihədəki 10 faizlik payını ARDNŞ və BP şirkətlərinə 1,45 milyard dollara satıb. Şirkət bunu «Statoil»un investisiya portfelinin optimallaşdırılması strategiyası ilə izah edib.
Hazırda «Şahdəniz» layihəsində «Statoil»un cəmi 5 faiz payı qalır. Bundan əlavə, şirkət «Əsrin müqaviləsi» çərçivəsində imzalanan neft layihəsində - «Azəri-Çıraq-Günəşli»də 8,71 faizlik paya malikdir.
Əgər səhmdarların toplantısında gözlənilən qərar qəbul olunsa, «Statoil» həm «Azəri-Çıraq-Günəşli»dən, həm də «Şahdəniz»dən tam çəkilmiş olacaq.