Maraqlıdır, sənət adamları, həmkarları İlham Mirzəyevə, onun ailəsinə baş çəkəcəklərmi? Onlar Mirzəyevin dələduzluq edə biləcəyinə inanırlarmı?
Aznews.az bir qrup sənət adamı ilə əlaqə saxlayaraq, onların fikirlərini öyrənib.
Əməkdar artist Nüşabə Ələsgərli bildirib ki, teleaparıcı ilə hər zaman yaxşı əlaqələri olub:
«Elədiyimiz əmələ görə hamımız qanun qarşısında cavab verməliyik. Amma onunla dostluğumuz, yoldaşlığımız olub, bir-birimizin məclislərində iştirak etmişik. Bu yaxınlarda da ad günündə yan-yana oturmuşduq. Qanun öz yerində, amma ona baş çəkmək bizim insanlıq borcumuzdur. İlham Mirzəyevin bu əməlləri törədib-törətmədiyini deyə bilmirəm». Söyləyən müğənni bildirib ki, Mirzəyevin ailəsinə baş çəkmək istəyir: «Hüquq-mühafizə orqanları məsələni araşdıracaqlar. Ailəsinə baş çəkmək istərdim. Doğrusu, ailəsinin telefon nömrəsini bilmirəm, amma çox gözəl münasibətimiz var. Onların toyunda da 1999-cu ildə mən oxumuşam».
Tanınmış müğənni Manaf Ağayev isə bununla bağlı bir neçə həmkarına təklif də irəli sürüb. Amma hələ ki, ortada nəticə yoxdur:
«O gün bir neçə həmkarıma da dedim ki, gedib təskinlik verək də. Təbii ki, indi bizi ora buraxmazlar. Onlar da dedilər ki, bir gün yığışıb gedərik evlərinə. Yoldaşdır, verilişlərində olmuşuq. Təklifim müsbət qarşılanıb, amma hələ ki, konkret bir şey yoxdur. İnsanın dar günündə onun yanında olmaq lazımdır. Biz İlhamı səliqəli, sakit, fağır bir adam kimi tanımışıq. Amma indi məsələnin kökündə nə varsa, özü bilir. Dövlətimiz məsələni araşdırıb qiymət verəcək. Deyə bilərəm ki, İlham çoxlarından fərqli olaraq heç kimlə işi olmayan insandır. Verilişinə çağıranda da insanı tənqid eləmirdi».
Müğənni Könül Kərimova isə İlham Mirzəyevin saxlanılması xəbərini yenicə alıb. Xanım sənətçi hesab edir ki, belə məqamda onu tək qoymaq doğru deyil:
«Bu xəbəri yenicə eşitmişəm. Mətbuatdan oxuduğuma görə ailəsi Şirvandadır. Amma lazım gəlsə, Şirvana da gedərik. İşdir də, insanın başına iş gələr. Biz də dost kimi heç olmasa mənəvi dəstək olmalıyıq. Bunu insanlıq naminə etməliyik. Mən orada yazılanları oxuyanda şoka düşdüm. Hətta əvvəlcə elə bildim ki, zarafatyana yazıdır. Onun barəsində deyilənlərə, həmin ittihamlara qətiyyən inanmıram. Elə insan olardı deyərdim ki, bu ittihamlar ona yaraşır. Amma İlhama yaraşdırmıram. Kiminsə problemi, sıxıntısı olanda ona müraciət edib».
Müğənni Vasif Məhərrəmli isə həmkarlarından fərqli olaraq düşünür ki, siyasətçi olmadığına görə, bu məsələ ilə maraqlanmaq olmaz:
«Bilmirəm, mən axı hara baş çəkim? Özünü tanıyıram, evini, ailəsini tanımıram axı. Harada saxlanıldığı ilə maraqlanmamışam. Qardaş, bu, dövlət işidir, mən siyasətçi deyiləm e, müğənniyəm. Nəyimə lazımdır? Bilirəm ki, saxlayıblar, harada saxlayıblar bilmirəm. Gedim ailəsinə nə deyim? Mənim yerimə sən ol. Gedib ailəsinə nə deyəcəksən? Allah yolunu açıq eləsin».
Əməkdar artist Gülüstan Əliyeva da nə İlham Mirzəyevin ailəsinə, nə də özünə baş çəkmək niyyətində deyil:
«Biz nə edə bilərik ki? Lap tutaq ki, getdik. Ona nəsə kömək edə bilmərik ki. Ona görə də mənim belə bir addım atmaq fikrim yoxdur».