Publika.Az-a xəbər verir ki, PA-nın şöbə müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında deyib: «Təsdiqlənməmiş informasiyanı KİV-in diqqətinə çatdıra bilmərəm. Ancaq təkcə nurçuluq və vəhhabilik deyil, Azərbaycanda digər cərəyanların nümayəndələri də fəaliyyət göstərir və öz fəaliyyətlərini gücləndirməyə cəhd göstərirlər. Bunlar təkcə Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqaz regionunda, dünyada belə hallar mövcuddur. İnsanların təfəkkürünə, zehniyyətinə və fəaliyyətinə təsir göstərmək üçün təkcə dövlətlərin qəbul etdiyi qanunlar və onların həyata keçirilməsi, qanunlara əməl etmək vərdişlərini tələb edən orqanlar deyil».
Ə.Həsənov qeyd edib ki, qeyri-ənənəvi yollarla cəhd göstərənlər də var: «Dini müdaxilə, missiyonerlik fəaliyyəti, insanların fəaliyyətinə bu və ya digər formada rənglər vermək vasitəsi və insanları öz dini inancı və məzhəbinə görə ayırmaq yolu ilə onların fəaliyyətinə təsir göstərmək istəyən qüvvələr var. Bunlar Azərbaycanda da mövcuddur. Azərbaycanın müvafiq dövlət qurumları bununla bağlı lazımi işlər aparır.
Hər halda, bütün bunlar indi Azərbaycan dövləti üçün ciddi təhlükə kəsb etmir. O yerdə ki, bunlar ciddi təhlükə kəsb edir, onlar dövlətin qanunları və qanun keşikçiləri ilə üz-üzə gəlməyə məcbur olurlar. Azərbaycan cəmiyyəti xəbərdar olmalıdır ki, belə cəhdlər və hallar var. Bu cəhdlərin qarşısı da dövlət tərəfindən alınır və gələcəkdə də alınacaq. Bundan sonra da bu cür hallara yol verilməyəcək. Burada söhbət ondan gedir ki, Azərbaycan dövlətinin iradəsinin üzərində Azərbaycan xalqının ümumiləşmiş və seçki yolu ilə ifadə olunmuş, mandat verdiyi insanların tələblərindən və iradəsindən başqa əlavə iradə və tələb olmamalıdır. Təəssüflər olsun ki, bu cəmiyyətlər öz üzvləri qarşısında bu və ya digər formada məcburi normalar qoyurlar ki, bu normalar da bəzən Azərbaycan dövlətinin vətəndaş quruculuğuna və dövlət prinsiplərinə uyğun gəlmir. Heç bir dini inanc, heç bir dinə sitayiş etmək və dini fəaliyyət həyata keçirmək Azərbaycan dövlətinin dünyəvi normalarına müdaxilə şəklində həyata keçirilməməlidir. Dünyəvi normalara müdaxilə istər-istəməz qanunla məsuliyyət doğurur və belə qanunu məsuliyyət də onlara qarşı tətbiq olunacaq».