Vaxt.Az

«Nazirlik bunun şahididir»


 

«Ağacları gecələr kəsirlər»

«Nazirlik bunun şahididir» «İl ərzində 1200 ağacın kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 milyon yarımdan çox cərimə tətbiq edib». Bu sözləri «Axar.az»a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirdi.

Onun sözlərinə görə, tətbiq edilən cərimələrdən cəmi 25 minə qədəri ödənilib: «Digərləri ilə bağlı isə nazirlik məhkəməyə müraciət edib. Nazirlik cərimələnən şəxsdən məcburi şəkildə cəriməni ala bilməz. Bunu hüquqi qaydada həll edirik. Əgər ağacları gecə vaxtı gizli şəkildə kəsiblərsə və bunu kimlərin etdiyi məlum deyilsə, bu barədə polisi məlumatlandırırıq. Faktı onlar araşdırır».

İ.İbrahimova qeyd edir ki, nazirlik ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqətdə saxlayır: «Son vaxtlar, xüsusilə gecə vaxtlarında ağacların qanunsuz olaraq kəsilməsi barədə gələn məlumatların sayı həddindən artıq çoxdur. Nazirlik də bunun şahididir. Bu səbəbdən nazirlik ağac terroruna qarşı mübarizəni daha da aktivləşdirib».

Nazirlik sözçüsü deyir ki, bir ərazidə ağacların qanunsuz şəkildə kəsilməsi faktı müəyyən edildiyi zaman, nazirliyin əməkdaşları tərəfindən qanunvericiliyə uyğun olaraq protokol tərtib olunur və cərimə qərarı qəbul edilir: «Tətbiq edilən cərimənin bir çox hallarda ödənilməməsi işimizdə çətinlik yaradır. Nazirliyin işi icazə olmadan ağacları məhv edənləri müəyyən edib, onlara cərimə tətbiq etməkdir. Ancaq cərimələrnən şəxs cəriməsini ödəmirsə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi şəxsə fiziki güc tətbiq edə bilməz. Belə olduğu halda məsələ hüquqi çərçivədə həll edilir. Cərimələnən şəxs cəriməsini ödəməkdən boyun qaçırdığı halda nazirlik bununla əlaqədar məhkəməyə müraciət edir».

Mətbuat xidmətinin rəhbəri vətəndaşları da bu məsələdə diqqətli olmağa və ağacların qanunsuz kəsilməsi ilə bağlı nazirliyi məlumatlandırmalarını məsləhət gördü: «Nazirliyin «Qaynar xətt» xidməti 24 saat ərzində fəaliyyət göstərir. Jurnalistlərdən və vətəndaşlardan rica edirik ki, belə hallarla qarşılaşdıqları vaxt nazirliyə məlumat versinlər. Yaşıllıqları təkcə nazirlik deyil, vətəndaşlara da qorumalıdır. Nazirlik demək olar ki, mətbuatla birgə işləyir bu sahədə. Ağacların qanunsuz olaraq kəsilməsi ilə bağlı xəbər olan zaman aidiyyəti qurumları məlumatlandırırıq. Yer məlumdursa, elə həmin gün əməkdaşlarımız ora yollanır».

 





16.04.2014    çap et  çap et