Vaxt.Az

Bir gəncin «manifest»i


 

... və ya Ceyhun Osmanlı Amerikanı necə aldatdı?

Bir gəncin «manifest»i Deputat Ceyhun Osmanlının ABŞ kəşfiyyat orqanları ilə təmaslarını sübut edən sensasion sənədlər, habelə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) rezidentlərinin hakimiyyət daxilində doğulan «İrəli» adlı yeni fraksiyanın formalaşması perspektivləri barədəki depeşeləri virtualaz.org saytında dərc olunandan dərhal sonra həm başını itirmiş, həm də pərt olmuş deputat ANS telekanalının efirində od püskürdü.

Öncə onu deyək ki, C.Osmanlı «irəli» deyəndə bunu «köhnə qvardiyanın yerinə, onların əvəzinə irəli gedənlər» kimi başa düşür. O, amerikalı diplomatlarla söhbətlərində bunu özü də səmimi şəkildə etiraf edib.

C.Osmanlı ANS-in efirində Azərbaycan ictimaiyyətinin qarşısına indiyə qədər tanımadığımız, görmədiyimiz obrazda, tamamilə yeni cilddə - əzilmiş, qorxmuş, aman diləyən zavallı adam görkəmində çıxmışdı. Bəs onun o saxta məğrur, özündənrazı duruşu harada qalmışdı? Bəs onun əvvəlki özünəinamı, özünəvurğunluğu, eqosentrizmi harada itib-batmışdı?

Adamın çənəsi əsir, titrək səsi isə ciyiltini xatırladırdı. Hakimiyyətin və xalqın qarşısında özünə bəraət qazandırmaq üçün mənasız cəhdlər göstərirdi.

«Bəli, onlarla görüşmüşəm..., amma pul almamışam» - Azərbaycan gəncliyinin artıq əzik-üzük olmuş «lideri» zorla yalnız bunları deyə bildi.

Amma «sifarişli «like»lər və «retwit»lər kralı» (deputat yeri gəldi-gəlmədi bütün vaxtını sosial şəbəkələrdə keçirir və sabun köpüyü yaratmaqla məşğul olurdu) televiziya auditoriyasına bunu heç cür izah eləyə bilmədi ki, o, 2009-cu ilin payızında amerikalı diplomat Donald Lunu «Azərbaycanda lazımi adamları lazımi postlara qoymağın vacibliyinə» inandırmağa çalışanda konkret nəyi və ya nələri nəzərdə tuturdu.

Biz Amerika diplomatının məxfi teleqramlarını dərc etməsəydik, geniş ictimaiyyət bu təsir agentinin gizli missiyası, ona verilən məxfi tapşırıqlar barədə heç nə bilməyəcəkdi.

Hərçənd ki, ANS-in müxbiri C.Osmanlıdan bunu hər halda soruşmalı idi: deputat niyə məhz virtualaz.org saytının dərc etdiyi ilk materialdan sonra danışmağa qərar verdi, bu araşdırmaya qədər niyə susdu?

C.Osmanlının ABŞ-ın Bakıdakı müvəqqəti işlər vəkili və MKİ rezidentləri ilə görüşü bağlı qapılar arxasında olmuşdu. Amma həm deputat, həm də ABŞ səfirliyi görüş faktının özünü nəyə görəsə gizlətmişdilər. Deputatın ABŞ-ın müvəqqəti işlər vəkili ilə məsləhətləşmələri barədə nə kütləvi informasiya vasitələrində, nə də ABŞ səfirliyinin rəsmi saytında hər hansı bir məlumat tapmaq mümkün deyil. Buna çox çalışsaq da heç bir nəticəsi olmadı. ABŞ səfirliyinin saytının axtarış sistemi ilə də yoxladıq. Saytın resursunda «İrəli» haqda heç bir informasiya yoxdur.

Saytın axtarış sistemi sorğularımıza belə cavab verdi: «Siz bəlkə «İSRAELİ» sözünü nəzərdə tutursunuz?!»

Yeri gəlmişkən, C.Osmanlının himayədarı və kuratoru Elnur Aslanov İsrail dövlətində səfir olmağı arzulayırmış. Aslanov bunu dostlarının yanında dəfələrlə təkrarlayırmış ki, o, ölkənin tarixinə Azərbaycanın İsraildəki ilk səfiri kimi düşmək istəyərdi.

Lakin «İrəli» sözü «İsraeli» sözü ilə indiki halda sırf formal şəkildə həmahəngdir, yəni sadəcə səsləşir, vəssalam. Və «İrəli» ilə görüş haqda heç bir rəsmi informasiya yoxdur (bu sözə yanlış şifroqramlarda rast gəlinir).

Buyurun, skrinşotla tanış olun:

Kürəyində ««facebook» lideri» möhürü olan və «faydalı axmaq» rolunu icra edən C.Osmanlı MKİ rezidenturasının təlimatlarına ciddi şəkildə əməl edib. Belə ki, o, Donald Lu ilə təmasları haqda informasiyaları 5 il ərzində hamıdan ciddi-cəhdlə gizlədib. Hökumətdə də bu görüşlər barədə heç kəsdə hər hansı məlumat olmayıb.

Ceyhun Osmanlı nəinki təkcə satqın, həm də yalançıdır! Belə ki, deputatın Fətullah Gülənin beynəlxalq şəbəkəsinə himayədarlıq edən ABŞ kəşfiyyat orqanları ilə əməkdaşlığını hətta ən səthi şəkildə araşdıranda da bəlli olur ki, 50000 nəfər azərbaycanlı gəncə təlim keçmək üçün hazırlanan və 1 milyon dollar büdcəsi olan iki illik layihə hər halda mövcud olub.

C.Osmanlı ANS-ə müsahibəsində bunu inkar etməyə nə qədər çalışsa da belə bir layihə olub. C.Osmanlının silahdaşı, əldəqayırma «İrəli» hərəkatının asma yaraşıq lideri Rauf Mərdiyev Azərbaycanın ingilisdilli news.az saytına (bu sayta şəxsən Elnur Aslanov nəzarət və rəhbərlik edirdi) hələ 2011-ci il, iyunun 8-də verdiyi müsahibəsində (!) bu layihə haqda ətraflı danışıb.

C.Osmanlının yalanı görünür, ona hesablanıb ki, büdcəsi Aslanov və onun dəstəsi tərəfindən basılıb yeyilmiş bu media layihəsi Azərbaycan ictimaiyyətinin diqqətindən kənarda qalsın, bu haqda heç kim heç nə bilməsin. Bu sayta giriş doğrudan da sıfır səviyyəsində idi. Amma elə bu sıfırlar bizə C.Osmanlının yalanını ifşa etməkdə yardımçı oldu.

Buyurun, Mərdiyev adlı adam deyir ki, «İrəli» icrasına 2008-ci ildən başlanan çox böyük bir layihəni həyata keçirir, 50000 nəfər gənc fəala internetlə işləməyi öyrədir. Bu da həmin skrinşot:

Osmanlı impresiyasının da adını biabır edən adamın həyat və fəaliyyəti rüsvayçı səhifələrlə doludur. C.Osmanlı Azərbaycan tarixinə tayı-bərabəri olmayan fırıldaqçı və kombinator kimi düşə bilər.

Sən demə, «İrəli» təşkilatı dünyaca məşhur «Microsoft» və «Hewlett-Packard» şirkətlərindən də pul dilənibmiş. Bilirsinizmi niyə? «İrəli»yə məxsus avtobusları noutbuk və simsiz internetlə təmin etmək üçün! «İrəli»nin hesabatlarına inansaq, bu təşkilatın avtobusları guya Azərbaycanın rayonlarını bir-bir gəzərək gənclərə internetlə işləməyi öyrədirmiş.

İndi sual olunur: «İrəli» bununla nə demək istəyirdi? Ölkə prezidentinin təsdiq etdiyi dövlət proqramının səmərəliliyini və etibarlılığını şübhə altına almaqmı istəyirdi? Yoxsa demək istəyirdi ki, bizim ölkədə prezidentin imzaladığı proqramları icra etməli olan Təhsil Nazirliyi və ya başqa müvafiq qurumlar yerli-dibli yoxdur? Yaxud bəlkə «İrəli» lap elə avtoritar, amma hər halda intellektual sovet komsomolu dövründə olduğu kimi davranıb hökumət qurumlarının fəaliyyətini təkrarlamaq, özü də bu fəaliyyətini öz nadan və savadsız rəhbərlərinin əmri ilə həyata keçirmək niyyəti güdürdü?

Digər suallar da var. Belə treninqləri avtobuslarda necə həyata keçirmək olar? Bu yerdə adamın yadına ölməz «Qızıl buzov»dakı əzəmətli kombinatorun macəraları düşür. Orada Ostap Bender «Antilop qnu» maşınındakı səfeh kişini «Yolsuzluğa və avara-gorluğa zərbə vuraq!» şüarı ilə ayıldıb maarifləndirmək istəyirdi.

Amma Osmanlı Ostapı da vurub keçib. Rus mujikləri «Antilop qnu»da hər halda ora-bura şütüsə də Azərbaycanda «İrəli»nin zaman-maşınını (avtobusunu) nə illah eləsələr də heç kim görmədi. Çox güman ki, avtobusu həzm-rabedən keçiriblər, noutbukları piştaxtalara düzdürüb satdırıblar, simsiz interneti isə Azərbaycanın dağ rayonlarının təmiz havasına qarışdıraraq əridib yoxa çıxarıblar...

Bəs bu «uçan avtobus» gerçəklikdə doğrudanmı mövcud olub?

Müvəqqəti işlər vəkili Donald Lunun MKİ-yə, Dövlət Departamentinə və ABŞ Milli Təhlükəsizlik Şurasına göndərdiyi depeşenin skrinşotunu  təqdim edirik. Orada söhbət «İnternetdə informasiyanı necə tapmalı?» adlı treninqlərdən gedir:

C.Osmanlı və onun komandası təkcə Azərbaycan hökumətini və onun məmurlarını aldatmırdı. Hətta ABŞ Milli Demokratiya İnstitutunun (MDİ/NDİ) «Azərbaycan ««facebook» inqilabı»nı hazırlayan əsas «emalatxanası»nın rəhbəri, «İrəli» fəallarına, o cümlədən təşkilatın indiki rəhbəri Rauf Mərdiyevə çox diqqət və səliqə ilə himayədarlıq edən Arien de Volf (Arien de Volff) da öz yetirməsinə məsləhət görürdü ki, news.az saytına verdiyi müsahibəyə korrektələr eləsin. Belə görünür ki, amerikalı təlimatçılar «İrəli»də nələrin baş verdiyini azərbaycanlı məmurlardan daha yaxşı bilirdilər. Amerikalılar Elnur Aslanovun azərbaycanlı «mladoçurok»ları (bu məqaləni rus dilində yazan müəllif «mladoturok», yəni «gənc türklər» sözünü burada bilərəkdən «mladoçurok» kimi yazıb-virtualaz.org) ilə birbaşa ünsiyyətdə idilər axı...

Buyurun, bu da skrinşot:

Heç bir şübhə yoxdur ki, okeanın o tayından olan «mütəxəssislər» kiminlə iş gördüklərini gec də olsa başa düşüblər. Anlayıblar ki, onlar hakimiyyətdaxili fraksiya yaratmaq üçün hansı münasib «gənc islahatçılar komandası» ilə, daha dəqiq desək, siyasət piyadaları ilə üzə-üzədirlər. Ceyhun Osmanlı, Rauf Mərdiyev, Fərhad Məmmədov və «boz kardinal» Elnur Aslanov lap böyük pullar müqabilində daha böyük sabun köpüyü üfürməyi bacaran uşaqlardır...

Daha bir oğurluq faktı. Rauf Mərdiyev news.az saytına müsahibəsində www.history.az internet portalının yaradılması və fəaliyyəti haqqında ətraflı məlumat verib. Bu portal özündə Azərbaycan tarixinə dair məlumatları birləşdirən ilk milli virtual kitabxana olmalı idi.

Bu da ingilis dilindəki skrinşot:

Amma «Azərbaycan tarixini» də Aslanovun gənc ostap-benderçilərinin buna qədər çoxlu layihələr atdığı dərin bir quyuya atdılar. Cəzasız qalacaqlarına əmin olan bu oğru uşaqlar hədlərini o qədər aşdılar ki, yeni layihənin büdcəsinin basıb yeyəndən sonra bu «tarix» saytının heç olmasa strukturunu da yaratmadılar, onun heç olmasa elektron ünvanını da açmadılar. Yəni o qədər böyük büdcənin qarşısında hətta 20 manat xərcləməyə də xəsislik etdilər...

Mərdiyevin göstərdiyi ünvan əvvəl-axır üzə çıxmadı. Bu da skrinşot:

Necə düşünürsünüz, «İrəli»nin «gənc qvardiyaçı»larının ölkənin rayonlarının birində təşkil etdiyi yay düşərgələrindəki əsas məruzəçilərdən biri kim olsa yaxşıdır?! Axı bu «İrəli» yeni inqilabçılar nəslinin beynini doldurmaq üçün skautçu yığıncaqlarına oxşar «yay düşərgələri» təşkil edirdi. Azərbaycanlı inqilabçıların gənc nəslinə o düşərgələrdə mühazirələri kim oxuyurdu, bilirsinizmi?! Bəlkə də ağlınıza gəlməz - Cəmil Həsənli! Bəli, bəli, söhbət 2013-cü ilin oktyabrında keçirilmiş prezident seçkilərində Azərbaycan hakimiyyətini ifşa edən həmin o alovlu natiqdən gedir. Facebook inqilabçıları yaman cəsur olurmuş...

Tarixçi-alim Cəmil Həsənli ABŞ-dan qayıdan kimi İlham Əliyevin administrasiyasının şöbə müdiri Elnur Aslanovun «gənc qvardiyaçı»larının qarşısında çıxış edir. Az sonra isə o, ağzı köpüklənə-köpüklənə İlham Əliyevin özünü tənqid və ittiham edirdi. Tam mükəmməl bir riyakarlıq və məkr! Bunun başqa adı yoxdur...

«Faydalı axmaq» C.Osmanlı C.Həsənlinin bu mühazirələrindən sonra meydana girdi, qol götürüb oynamağa başladı. Azərbaycanlı vergiödəyicilərinin cibindən çıxan milyonların axıdıldığı Azərbaycan siyasi orgiyasının əsl siması bu idi. Az sonra isə həmin bu milyonlardan inqilab kimi müqəddəs bir işi çirkin siyasi alverə, iyrənc biznesə çevirib bazar açmış Aslanovun, Osmanlının və onlar kimi hər yoldan ötən təsadüfi adamların dəbdəbəli avtomobilləri və qəsrləri yaranacaqdı...

İndi burada məntiqi suallar yaranır. Bəs necə oldu ki, amerikalı təlimatçılar C.Osmanlıya etimad göstərdilər? Deputat ona on milyonlarla dollar məbləğində qrantlar qazandıran bu etimadı necə, nəyin hesabına qazanıb? Ümumiyyətlə, siyasi cəhətdən o qədər də etibarlı olmayan bu YAP-çı gənc Amerika diplomatlarının və rezidentlərinin kabinetlərinə necə sürünüb girə bildi?

Mötəbər mənbələrin verdiyi xəbərə görə, C.Osmanlı əvvəllər ABŞ-ın Azərbaycandakı səfirliyində işləmiş yaxın və nüfuzlu qohumundan zəmanət, necə deyərlər, xeyir-dua alıb. Söhbət jurnalist Sevinc Osmanqızından gedir.

S.Osmanqızı Bakını müəmmalı şəkildə tərk edəndən sonra Mərkəzdə - Vaşinqtonda peyda oldu. Və dərhal da auditoriyanın diqqətini öz qəribə kepkası, daha dəqiq desək, beysbol günlüyünün üstündəki işarə ilə cəlb etdi. Ola bilsin ki, Sevinc Osmanqızı həmin papağı Vaşinqtondakı köhnə-külüş bazarından alıb. Amma acıdil adamlar və əksər jurnalistlər bu işarədə məşhur mason lojasının simvolikasını görürdülər.

Bu da həmin telekadrdan skrinşot:

Sevinc Osmanqızı TV ekranlarında görünənə qədər uzun müddət ABŞ səfirliyinin mətbuat xidmətində çalışmış və Azərbaycandakı daxili vəziyyət barədə operativ məlumatların ABŞ rəhbərliyinə çatdırılmasını təmin etməklə məşğul olmuşdu.

S.Osmanqızı 1news.az saytına (bir daha xatırladaq ki, bu sayt Elnur Aslanova məxsus idi) bu yaxınlarda verdiyi son müsahibələrinin birində öz «şanlı fəaliyyətindən» danışmışdı: «Mənim hazırladığım materialları peşəkar amerikalı diplomatlar redaktə edirdilər. Hazırladığım məqalələrin biri ABŞ dövlət katibinin köməkçisinin elə xoşuna gəlmişdi ki, o, bu yazının müəllifinin kim olması ilə maraqlanmışdı».

Dövlət Departamenti rəhbərliyinə müvafiq hesabat göndəriləndən sonra isə deputat Osmanlının yaxın qohumu olan bu jurnalist xanımı Mərkəzi Kəşfiyyat İdarəsinin bilavasitə nəzarəti altındakı nüfuzlu QHT-lərə işləməyə göndərdilər. S.Osmanqızı da kollaborasionizmin ailə ənənələrini yaşadıb inkişaf etdirən qohumu kimi nəhəng məbləğlərdə qrantlar aldı...

Yeri gəlmişkən, sonda kollaborasionizm haqda da bir kəlmə deyək. Xədicə İsmayılova İçərişəhərdəki «Art Garden» restoranında amerikalı kəşfiyyatçılarla görüşəndən sonra deputat Ceyhun Osmanlı az qala bağıra-bağıra bütün ölkəyə car çəkib deyirdi ki, «vətənə xəyanət bağışlanmır».

Nə demək olar?! Çox gözəl. Ceyhun Osmanlı, inanın ki, elə biz də xainlərin izinə düşmüşük...

 





16.04.2014    çap et  çap et