Vaxt.Az

Avropa Parlamentində Ukrayna müzakirələri


 

Rusiya ilə Avropa arasında qarşılıqlı asılılıq var

Avropa Parlamentində Ukrayna müzakirələri Avropa Parlamentinin Strasburqda keçirilən plenar iclasında «Rusiyanın Şərq Tərəfdaşlığı ölkələrinə göstərdiyi təzyiq» mövzusunda müzakirələr canlı olaraq səhifəmizdə təsvir olunub.

Avropa Genişlənmə və Qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle bildirib ki, Ukrayna böhranının ardınca Gürcüstan və Moldova ilə danışıqlar daha da intensivləşməlidir. Bu iki ölkə ilə imzalanacaq Assosiasiya Müqavilələri artıq imzalanmağa hazırdır. Ukrayna, Moldova və Gürcüstan liderləri may ayında Brüsselə dəvət olunublar. Assosiasiya Müqavilələri artıq iyun ayında imzalana bilər. Ancaq Moldova ilə viza rejimi bir neçə gündən sonra, aprelin 21-də ləğv olunacaq.

Füleyə görə, Ukrayna böhranında əsas məqamlardan biri enerji təhlükəsizliyidir. Rusiya ilə Avropa arasında qarşılıqlı asılılıq mövcuddur. Avropa İttifaqı Rusiya qazı və nefti üçün ən böyük bazardır. Hal-hazırda Slovakiya ilə qaz ötürücüsünün optimallaşdırılması və bununla da qaz nəqlinin istiqamətini dəyişə bilmək yönündə müzakirələr gedir.

Avropa Parlamentinin deputatları Rusiyaya qarşı gücləndirilmiş tədbirlər görməyə çağırırlar. 

Avroparlamentari Elmar Brok bildirib ki, Ukrayna öz taleyi və gələcəyi barədə təkbaşına qərar vermək iqtidarında olmalıdır. Çarlz Tannok, Hans Potterinq, Adrian Severin Rusiyanın beynəlxalq hüququ və özünün tərəfdar çıxdığı öhdəlikləri pozduğunu bildiriblər. Bəzi deputatlar isə Avropada sülhün Rusiyasız və Rusiyaya qarşı olmağının mümkünsüzlüyünü dilə gətiriblər. Sabahkı Cenevrə danışıqlarında Aİ-nin güclü rol oynamalı olduğunu da bir çox deputat xatırladıb. 

Avroparlamentari Adina Valean isə Rusiyanın nazı ilə oynamağın əleyhinə olduğunu bildirib: «Hər kəs öz ruhunu Rusiya qazına satmağa hazır deyil».

Kşiştof Lisek: «Rusiya öz imperiyasını yenidən qurmağa çalışır».

Tunne Kelam Rusiya ilə silah ticarətinə son qoymağa çağırır. 

Ştefan Füle müzakirələri yekunlaşdırarkən deyib: «Rusiya propaqandası Soyuq Müharibə vaxtındakından daha aqressivdir»; «Biz güclü və aşkar olmalıyıq. Şərq tərəfdaşlarımız üçün güclü və qətiyyətli olmağın vaxtı çatıb»; «Bəli, Soyuq Müharibə sülh müqaviləsi ilə başa çatmadı, ancaq daha yaxşı şəkildə başa çatdı»; «Bizim şərqli tərəfdaşlarımızın çətin keçmişi olub, odur ki, onların daha fərqli gələcəyə haqları çatır».

 





16.04.2014    çap et  çap et