Berezutski yaxşı futbolçu olub, məşqçi kimi isə özünü sübut etməmiş biridir. Klublarımızı “təcrübə dovşanı”na çevirməyək. Onsuz da illərdir sıradan əcnəbilər Azərbaycandan layiq olmadığı milyonları daşıyıb, həqiqətən iş bacaran, uğur qazanmaq potensialı olan mütəxəssislərə güvənək.
Nikola Yurçeviçin və ya Milan Obradoviçin Azərbaycandan gedəndən sonra haradasa işlədiyini eşitmisiz? Onlar ölkəmizdə böyük pullar qazanan çoxsaylı əcnəbilərdən yalnız ikisidir. Berezutski də fərqli olmayacaq, menecer hiylələrinə uyub daha bir neçə ili boşa verməyək.
İki il öncə Aleksandr Kerjakovu da bu cür reklam edirdilər. Gah gənclər yığmamıza, gah “Sumqayıt”a, gah da “Səbail”ə gətirmək üçün min hoqqadan çıxdılar. Həmin vaxtdan bəri 3 ölkədə 3 fərqli klubda işləyib, heç birində də 5 aydan çox duruş gətirməyib.