Vaxt.Az

Qarabağ konfliktinin «düyməsi»ni Kremldən necə almalı?


 

Erməni və avropalı ekspertlərə görə, bundan ötrü öncə Ermənistan Rusiyanın vassallığından qurtulmalıdır; Bakı-İrəvan arasında vasitəçilərsiz birbaşa danışıq çox da uzaq perspektivin işi olmaya bilər; «Güney Qafqazın ən mürəkkəb durumda olan ölkəsi Ermənistandır...»

Qarabağ konfliktinin «düyməsi»ni Kremldən necə almalı?

Ukraynada davam edən geosiyasi böhran, Rusiyanın dünyanın gözü qarşısında Krımı işğal eləməsi postsovet məkanındakı etnik-ərazi konfliktlərinin həll perspektivinə də damğasını basıb. O sırada Dağlıq Qarabağ probleminin perspektivi özünəməxsus şəkildə dəyişib. Hansı səmtə dəyişib - bu, artıq Ukrayna böhranı səngiyəndən sonra Rusiyanın bu durumdan hansı statusda, zəifləmiş, yoxsa güclənmiş şəkildə çıxacağından asılı olacaq.

Amma hələ ki Rusiya amili Qarabağ ixtilafının çözümündə həlledici faktorlardan biri olaraq qalır. Hələliksə Rumıniya prezidenti Trayan Beseskunun bu xüsusda söylədiyi aşağıdakı fikirlə razılaşmaq lazım gəlir. Sitat: «Postsovet məkanında dondurulmuş münaqişələrin hamısının düyməsi Moskvanın əlindədir. Özü də Rusiya öz maraqlarından asılı olaraq onları qısa müddətdə yoluna da qoya bilər, bir-bir və ya hamısını birlikdə partlada da...»

Bu qənaətlə razılaşmamaq çətindir. Acı reallıq belədir ki, hazırda separatizm kartı Moskvanın əlində MDB ölkələrini öz təsir dairəsində saxlamaqdan ötrü ən güclü rıçaqdır. Heç Rusiyanın əlindəki nüvə başlıqları da belə təsir gücünə malik deyil. Və Kreml bu rıçaqdan axıradək, maksimum yararlanmaqda israrlı görünür.

Qarabağ ixtilafı isə strateji hədəflərə çatmaq baxımından şimal qonşumuz üçün ikiqat, üçqat önəmdədir. Ona görə ki, birdən-birə Güney Qafqazın iki ölkəsini - Azərbaycan və Ermənistanı təhdidlər və şantaj altında saxlamağa, bölgənin nəzarətdən çıxmasını önləməyə imkan yaradır. Deməli, bir daha qənaət hasil olur ki, Moskva Dağlıq Qarabağ probleminin hər hansı formada nizamlanmasında və tarixin arxivinə verilməsində maraqlı ola bilməz. 

Yenə Azərbaycan Qarabağ məsələsində bu və ya digər dərəcədə söz sahibliyini, müstəqilliyini saxlayıb. İşğalçı Ermənistanın, ümumiyyətlə, ixtilafın həllinə hansısa ciddi təsir gücü yoxdur. Bunu ötən ilin sentyabrında İrəvanın Kremlin hədələri altında Avropa Birliyi ilə danışıqları dərhal dayandırıb Gömrük İttifaqına üzv edilməsi bir daha təsdiqləmiş oldu.

Əslində Ermənistanın Rusiyadan bir azca qopub Avropaya yaxınlaşması Qarabağ konfliktinin həllinə müəyyən pozitiv dinamika gətirə bilərdi. Çünki erməni tərəfi qismən söz sahibliyi qazanardı. Kreml də bu perspektivi gözəl anladığından, dərhal İrəvanın düyməsini basdı və sülh danışıqlarında üzücü qeyri-müəyyənlik dövrü, status-kvo bərpa edildi.

Ancaq yaxşı ki, durğunluq zolağından çıxmaq üçün Rusiya amilindən asılılığı zəiflətməyin, Azərbaycanla birbaşa dialoqa çıxmağın zəruriliyini Ermənistanda da dərk edən ictimai-siyasi xadimlər var. Lakin bu zərurət qonşu ölkədəki hazırkı siyasi rejimdən kənarda təsəvvür edilir.

Məsələn, Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin başçısı, tanınmış erməni ictimai xadimi Georgi Vanyana görə, Ermənistanın de-işğalı, Azərbaycanla birbaşa dialoq və Ermənistanda demokratik dəyişikliklər yalnız o halda başlaya bilər ki, Ermənistanın siyasi qüvvələri və ya heç olmasa oradakı bir siyasi partiya Qarabağ konfliktinin nizamlanması üzrə Azərbaycanla birbaşa dialoq proqramı irəli sürsün (haqqin.az).

Onun sözlərinə görə, demokratik dəyişikliklərə iddialı siyasi qüvvə dəqiq və aydın şəkildə erməni seçicisinə yalnızca iki dövlətin - Ermənistanın və Azərbaycanın maraqlarını nəzərə alan nizamlama proqramını təqdim eləməyi bacarmalıdır: «Məhz o zaman biz Ermənistanda demokratik dəyişiklik baş verdiyini söyləyə biləcəyik. Yəni bu, o anlama gələcək ki, hakimiyyətə can atan insanlar öz seçicilərinin tələb və maraqlarını ifadə edir, onlara tərəqqiyə yönəlik proqramlar təqdim edir. Əks halda, kimlər ki, hakimiyyət istəyir və kimlər ki, indi Ermənistanda hakimiyyətdədir, onlar Putinin xidmətçiləridir, başqa heç kim deyillər... Bu, hətta işğalçılarla əməkdaşlığı nəzərdə tutan kollaborasionizm də deyil. Mən sadəcə, analoqlar tapa bilmirəm. Bu, dəvəquşudur, hansı ki, toz qaldırıb qumda olan başını gizlətmək üçün ayaqlarını yerə döyür. Belə bir gimnastikanı Putin sifariş edib».

Vanyana görə, Ermənistandaxili siyasi həyatda qeyri-müəyyənlik sabitliyin girovudur: «20 ilin təcrübəsi buna dəlil-sübutdur. İndi baş verənlər, yaxın zamanlarda baş verəcəklər belə qeyri-müəyyənliyin uzanmasını təmin edəcək. Belə bir dumanda Ermənistanı, necə deyərlər, Gömrük İttifaqına inteqrasiya, «konstitusiya dəyişiklikləri», «seçkilər» gözləyir».

 

***

 

Alman politoloq, Berlin Avropa Akademiyasının sədri, professor Ekxart Ştratenşulte də Ermənistanla bağlı bədbin fikirdədir. 1in.am-a müsahibə verən ekspertin qənaətincə, Güney Qafqazda ən mürəkkəb durumda məhz Ermənistandır: «Ancaq belə vəziyyət «Şərq tərəfdaşlığı» ilə yox, Rusiyanın Ermənistanın qarantı sayılması ilə əlaqədardır. Nə qədər ki, Moskva İrəvanı lazım gələrsə bu təhlükəsizlik qarantdan imtina ilə hədələyir, hansı ki, öz növbəsində Azərbaycanla qarşıdurmaya gətirəcək, nə qədər ki, Qarabağ münaqişəsi öz əhəmiyyətini itirməyib, Ermənistan da Moskvanın istəklərinə qulaq asmaq və onları yerinə yetirmək zorunda qalacaq. Belə durumda İrəvanın xüsusi bir seçimi yoxdur».

Heç şübhəsiz, BMT Baş Məclisində martın 27-də Ukrayna ilə bağlı keçirilən səsvermədə Ermənistanın tutduğu mövqe də bilavasitə işğalçı ölkənin müstəqil söz sahibi olmaması və Kremlin vassallığında qalması ilə bağlı idi. Təsadüfi deyil ki, İsveçin xarici işlər naziri Karl Bildt həmin səsvermədən sonra bəyan eləmişdi ki, «BMT-də Rusiyanı dəstəkləyən Ermənistan artıq ayrı liqaya aiddir». 

Bəs təcavüzkarı rus girovluğundan qurtarmaq üçün xarici amillər nə dərəcədə mühümdür? Alman politoloq hesab edir ki, hətta bu vəziyyətdə də İrəvan Qərblə yeni əməkdaşlıq yolları aramalı, təkcə siyasi dialoq səviyyəsində deyil, iqtisadi, ələlxüsus da ictimai-siyasi sferalarda işləmək yönündə fikirləşməlidir.

 

***

 

Beləliklə, Dağlıq Qarabağ münaqişəsinin düyməsini Kremldən almaq üçün öncəliklə Ermənistan öz suverenliyini və danışıqlar prosesində müstəqil söz sahibliyini bərpa eləməlidir. Bundan ötrü isə onun Moskvanın vassallığından qurtulması gərəkdir. Necə, hansı yolla? 

Bu, artıq erməni siyasi elitasının, toplumunun və diasporunun problemidir. Gecə və gündüz eyni vaxtda mövcud olmadığı kimi, işğalçının da eyni vaxtda həm Rusiyanın, həm də Qərbin (ABŞ-ın, Avropanın, NATO-nun) yanında qərar tutması, iki bir-birinə antaqonist təhlükəsizlik sistemində yer alması, hələ üstəlik, Azərbaycanın zəbt olunmuş əraziləri ilə birgə yer alması mümkünsüzdür. Ukrayna olaylarından və yeni «soyuq müharibə» anonsundan sonra heç real deyil.

 





17.04.2014    çap et  çap et