Vaxt.Az

İsveç nüvə hücumuna hazırlaşır


 

Hərbi xərclər Soyuq Müharibədən bəri ən yüksək səviyyəyə qalxıb

İsveç nüvə hücumuna hazırlaşır İsveç mülki müdafiəyə böyük investisiya planı həyata keçirir. Yaxın illərdə ölkədə 64 min mülki müdafiə sığınacağı nüvə bombası hücumlarından qorunmaq üçün modernləşdiriləcək.

Bu addım beynəlxalq təhlükəsizlik mühitində artan gərginlik fonunda atılır. Keçən həftə İsveçin Baş naziri Ulf Kristersson müdafiə xərclərinin 2030-cu ilə qədər ümumi daxili məhsulun (ÜDM) 2,4 faizdən 3,5 faizə qədər artırılacağını açıqladı. Kristersson bunun İsveçin Soyuq Müharibədən bəri “ən böyük silah artımı” olduğunu söyləyib.

 

7 milyon nəfər üçün sığınacaq

 

Bunkerlərin modernləşdirilməsi üçün təxminən 100 milyon İsveç kronu (təxminən 9 milyon avro) ayrılıb. İsveç Mülki Müdafiə Agentliyinin (MSB) məlumatına görə, bu işlərin tamamlanması 2-3 il çəkəcək. Ölkənin 64,000 ədəd sığınacaq təxminən 7 milyon insanı yerləşdirmək gücünə malikdir. Bəzi sığınacaqlar eyni anda minlərlə insanı saxlaya biləcək qədər böyükdür.

 

Nüvə və bioloji təhlükələrə qarşı hərtərəfli müdafiə

 

İsveçdə iki növ sığınacaq var: normal sığınacaqlar və qaya üzərində qurulmuş yüksək möhkəmlikli sığınacaqlar. Bu möhkəm strukturlar təbii qaya birləşmələri içərisində yerləşir və ya oxşar möhkəmliyə malik betonla tikilib. Normal sığınacaqlar adətən yaşayış binalarına birləşdirilir. Milli Müdafiə Nazirliyi izah edib ki, bu strukturlar şok dalğaları, bomba parçaları, nüvə partlayışları, radiasiya, kimyəvi və ya bioloji hücumlardan qorunma təmin edir.

25 böyük sığınacaqda təmir işlərinə başlanılıb. Bundan əlavə, xilasetmə xidmətlərinin, dərman ehtiyatlarının və kibertəhlükəsizliyin effektivliyinə investisiyalar qoyulacaq. İsveçdə həyata keçirilən “Total Defense” konsepsiyası çərçivəsində hər bir vətəndaş mümkün müharibə zamanı hətta sülh dövründə də üzərinə götürəcəyi vəzifələri bilməli və ölkənin müdafiəsinə töhfə verməyə borcludur.

İsveç 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən sonra təhlükəsizlik sahəsinə sərmayələrini artırmağa başlayıb. 2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsindən sonra təxminən bir il ərzində neytrallıq siyasətindən əl çəkərək NATO-ya üzv olub.

 





04.04.2025    çap et  çap et