Vaxt.Az

AFFA rəsmisindən tərbiyəsizlik


 

“Baş məşqçi məcburdur ki, jurnalistlərin boş-boş suallarına cavab versin?”

AFFA rəsmisindən tərbiyəsizlik Berezutskinin iki kəlmə danışıb yarımçıq tərk etdiyi mətbuat konfransı barədə özüm çox şey yazmadım. “İnsanın emosiyalara qapılması normaldı, hamının başına gələ bilər” deyə düşündüm, ilk və sonuncu dəfə olacağına ümid edib, üstündən keçdim.

Amma...

Məsələ başqa tərəfə gedib. AFFA İntizam Komitəsinin sədri Erkin Hüseynov əməlli-başlı tərbiyəsizlik edərək jurnalistlərə söz atıb. Xəbəri olsun ki, həmin mətbuat konfransında mən də var idim və dediyi sözlər mənə də aid edilir.

Ölkə futbolunda intizamın bərqərarına cavabdeh olan şəxsin “Futbol+”in məlum mətbuat konfransı barədə sualına belə cavab verib:

“Mənim işim həddən artıq işim çoxdur. Təkcə İntizam Komitəsinin sədri deyiləm, SOCAR-da da çalışıram. Hər sualı cavablamağa vaxtım yoxdur. İntizam Komitəsində verilən qərarların hər biri doğrudur. Həmin qərarlar da İntizam Məcəlləsində yer alıb. Hər şeyə görə cərimə verilmir. Baş məşqçi məcburdur ki, bir saat otursun, jurnalistlərin boş-boş suallarına cavab versin? Mən artıq yoruluram. İntizam Məcəlləsini əldə edin, baxın və konkret nə lazımdısa, məktubla müraciət edin”.

Boş sənsən, Erkin Hüseynov! Danışığın da, dediklərin də tutduğun vəzifəndə boşuna oturduğunu göstərir. Mən 22 ildə bəlkə də 5 min mətbuat konfransında iştirak eləmiş, ömrümü bu işə sərf edərək sənin heç bir xeyrin dəymədiyi ölkə futboluna gücüm çatdığından artıq xidmət eləmişəm.

Çox uzatmıram.

Ədəb yaxşı şeydir, hər kəsdə olmur.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası – AFFA-ya burdan rəsmi şəkildə müraciət edirəm, gərəkərsə, e-mail və ya kağız məktub şəklində də təkrarlamağa hazıram. Bu şəxslə bağlı ölçü götürülməlidir. Ən az edə biləcəyi şey çıxıb üzr istəməsi, səhvə yol verdiyini deməsidir. Əks halda, bu sözlər ona baha başa gələcək.

 





04.04.2025    çap et  çap et