“The Wall Street Journal” yazır ki, hakerlər özəl şirkətlərin sistemlərinə sızmaq üçün “Facebook” və “Instagram” vasitəsilə işçilərə yoluxmuş linklər göndərirlər. Hətta bəzi hakerlərin ABŞ şirkətlərini aldadaraq İT mütəxəssisi kimi uzaqdan iş yerləri tapdıqları da bildirilir.
Dubayda yerləşən kriptovalyuta birjası “Bybit” də fevralın 21-də 1,46 milyard dollarlıq oğurluğun hədəfi olub. 2021-ci ildə “Poly Network”dən 611 milyon dollarlıq qarət bütün zamanların ən böyük kriptovalyuta oğurluğudur.
Hadisədə “Lazarus” adlı haker qrupu günahlandırılıb. Hakerlərin Şimali Koreya tərəfindən dəstəkləndiyi iddia edilsə də, Asiya ölkəsi bu iddiaları təkzib edib.
Kriptovalyuta oğurluğu hadisələrini izləyən “Chainalysis”in məlumatlarına görə, kriptovalyuta sektorunda itirilən hər 10 dollardan 6-sı bu və buna bənzər hücumlarda oğurlanıb.
Hesabatda iddia olunur ki, Pxenyan hökuməti “8000-dən çox hakerə sanki hərbi hissə kimi nəzarət edir”. İddia olunur ki, hakerlər öz izlərini gizlətmək və yaxalanmamaq üçün mürəkkəb üsullardan istifadə edirlər və dövlət tərəfindən maliyyələşdirilən proqramlar vasitəsilə riyaziyyat və proqram təminatı sahəsində perspektivli gəncləri haker kimi yetişdirirlər.
Keçmiş FTB analitiki Nik Karlsen deyir: “Şimali Koreyalı hakerlər hamıdan fərqli oyun oynayırlar”.
2014-cü ildə “Sony Pictures Entertainment-“in elektron poçt sistemi sındırılıb, 2016-cı ildə isə Banqladeş Mərkəzi Bankından 81 milyon dollar oğurlanıb. ABŞ rəsmiləri bu kiberhücumların müxtəlif “ransomware” proqramlarından istifadə edərək Şimali Koreyalı hakerlər tərəfindən həyata keçirildiyini iddia etsə də, Pxenyan bu iddiaları rədd edib.
Ofisi Seulda yerləşən və Cənubi Koreya kəşfiyyatı ilə işləyən “Naru “Security adlı təhlükəsizlik firmasının sahibi Jun Kim, Pxenyan hökumətinin diplomatik və ya bürokratik reaksiyalardan çəkinmədən hərəkət etdiyini söylədi.
Seulun məlumatına görə, hakerlər tərəfindən oğurlanan pullar ölkənin ağır sanksiyalar altında olan nüvə silahı proqramının maliyyələşdirilməsinə sərf olunur.