Pərakəndə qida satıcısı “Kaufland”, bir qrup müxbir tərəfindən mağazalarında aşkar edilən çatışmazlıqlara reaksiya verib. Şirkətin sözçüsü RTL televiziya kanalına, “Araşdırmalardan əldə edilən məlumatlar ciddi qəbul edilir və açıq şəkildə təsvir edilən bəzi çatışmazlıqlar bizim standartlara uyğun gəlmir”, – deyib.
“Məhsulların keyfiyyəti və müştərilərin müdafiəsi şirkət üçün güzəştsiz prioritetdir. İşçilərə mütəmadi olaraq bu sahədə təlimlər keçirilir”.
Xüsusilə Yuxarı Bavariyadakı Bad Tölz və Saarlanddakı Homburq filiallar araşdırma obyekti olub. Yeni idarə heyəti artıq iş başındadır. Mətbuat katibi əlavə edib ki, nöqsanların əksəriyyəti hesabat verilməzdən əvvəl aradan qaldırılıb.
RTL-ə görə, “Kaufland” sözçüsü toyuqlardakı nasaz soyutma sistemləri və mikroblar haqqında, “Sözügedən soyutma qurğuları çox vaxt hərtərəfli investisiyaların bir hissəsi olaraq tədricən dəyişdirilən köhnə cihazlardır”, – deyib.
Mətbuat katibi bildirib ki, dondurucular ildə iki dəfə hərtərəfli texniki qulluqdan keçir.
Bu arada araşdırmalar məlum olduqdan sonra “Kaufland” artıq kadr nəticələrini alıb. Şirkət rəhbərliyi n-tv-yə bildirib ki, iki mağazada rəhbərlik heyəti dəyişib.
“Kaufland” qrup rəhbərliyi də gigiyena qalmaqalını müzakirə etmək üçün bir araya gələcək. Şirkət Almaniyadakı 770 mağaza üçün “hərtərəfli tədbirlər paketi” üzərində işləyir.