Bu günün qəhrəmanı isə Maks Verstappendir – sevimli Suzuka trasında “Red Bull”un sürücü fenomenal 3-cü sektor sayəsində karyerasının 41-ci, mövsümdə ilk, Suzukada isə ardıcıl 4-cü pouluna sevindi. Bu poul elə “Honda” motorçuları üçün də əla hədiyyə oldu. Sabah yarışda Maksın qələbə şansı da var – hər şey təkərlərin yeyilməsinə nəzarətdən asılı olacaq. Bu işdə ona qırmızı bayraqlar da kömək edə bilərlər – tras kənarındakı otluqlar hər an alovlana bilər.
Lando Norris bu gün növbəti poula əsas namizəd idi, amma son sektorda kiçik bir səhvlə geriyə düşdü. Düzdür, MCL39 ənənəvi olaraq təkərlərlə yaxşı davranır, ona görə də britaniyalı sürücünün sabah qələbə şansı çox yüksəkdir, amma bunun üçün startda öz yerini ən azı qorumalıdır.
Çünki 3-cü, daha əlverişli yerdən onun komanda yoldaşı Oskar Piastri start alacaq. Piastri də bu gün poula çox yaxın idi, amma avstraliyalı sürücü 1-ci sektorda səhvə yol verdi. Sabah startda komanda yoldaşını üstələsə qələbəyə də namizəd hesab olunacaq, əks halda komandaya dubl qazandıra biləcək.
Sıralanma turunun qəhrəmanları debtüantlardır – həm Andrea Kimi Antonelli, həm Ayzek Həcər, həm də Oliver Börman xüsusən qeyd olunmalıdırlar.
Sabah isə bizi maraqlı start və yarış gözləyir...