Əsas sual budur: İrandakı dairələr Azərbaycanda yəhudi icmasının sədrini niyə öldürmək istəyiblər?
Bunun bir neçə səbəbi ola bilər.
Birincisi, İran kəşfiyyat strukturları Azərbaycanda yaşayan və fəaliyyət göstərən ravvini öldürməklə yəhudilərin məmləkətimizdə rahat və təhlükəsiz yaşantılarına kölgə salmaq istəyiblər. Görünür, düşünüblər ki, belə bir terror aksiyası İsrail-Azərbaycan münasibətlərinə də mənfi təsir edə bilərdi. Halbuki, Azərbaycanın kəşfiyyat strukturları cinayətin qarşısını almaqla yəhudilərin ölkəmizdə həqiqətən rahat və təhlükəsiz yaşadıqlarını bir daha təsdiq edib.
İkincisi, İran kəşfiyyat strukturları azərbaycanlı ravvinə qarşı sui-qəsd cəhdi vasitəsilə İran-Azərbaycan münasibətlərinin normallaşmasına mane olmaq istəyiblər. Ravvinə qarşı sui-qəsd cəhdi reallaşsaydı, bunun arxasında İranın dayandığı bəlli olacaq və bu istər-istəməz Bakı-Tehran münasibətlərinə mənfi təsir edəcəkdi. Bu halda İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana planlanan səfəri də təxirə salınacaqdı. Halbuki, yaxınlarda baş tutacaq bu səfərdən müsbət gözləntilər var. Ancaq bu səfərdən müsbət gözləntilər İranda heç də hamını sevindirmir.
İranın mühafizəkar dairələri hər vəchlə iki ölkə arasında münasibətlərin normallaşmasına mane olmağa çalışırlar, millət vəkilimizə qarşı sui-qəsd təşkil etdilər, Tehrandakı səfirliyimizə terror hücumuna şərait yaratdılar, ali dini liderin nümayəndəsi cümə xütbəsində ölkəmiz əleyhinə açıqlamalar verdi, indi də ravvini öldürmək istəyiblər. İran kəşfiyyatının sui-qəsd üçün Gürcüstanda yaşayan azərbaycanlını seçməsi də təsadüfi deyil. Bu da hiyləgər planın tərkib hissəsidir. İrandakı müxtəlif dairələr Gürcüstan azərbaycanlıları arasında təbliğat işini ildən-ilə gücləndiriblər və təəssüf ki, Gürcüstanın müvafiq strukturları bunun qarşısını ya almır, ya da almaq istəmir. Nəticədə, İrandakı dairələr Gürcüstanda geniş fəaliyyət imkanlarına malik olublar. Ravvinə qarşı planlanan terror baş tutsaydı, bu Azərbaycan-İran münasibətləri ilə yanaşı Azərbaycan-Gürcüstan münasibətlərinə də mənfi təsir edəcəkdi. İrandakı dairələrə də elə bu lazımdır. Ancaq İrandakı dairələrin planı bu dəfə alınmadı, onların bizə qarşı növbəti planını ifşa etməyə hazırlaşmalıyıq.