Fars-molla rejimi ABŞ-ın mümkün hərbi müdaxiləsinə qarşı qonşu ölkələrə diplomatik xəbərdarlıq göndərib. Türkiyə, İraq, Küveyt, BƏƏ, Qətər və Bəhreynə edilən xəbərdarlıqlarda ABŞ-ın bu ölkələrin hava məkanından və ya quru ərazisindən istifadə etməsinin düşmən hərəkəti kimi qiymətləndiriləcəyi və ciddi nəticələrə səbəb olacağı bildirilib. İran, həmçinin ABŞ-ın torpaqlarında bazaları olan ölkələrə xəbərdarlıq edərək, bu ölkələrin prosesə cəlb olunacağı təqdirdə hədəfə çevrilə biləcəyini vurğulayıb. Həmçinin İranın dini lideri Ayətullah Əli Xameneyinin ordunu tam döyüş hazırlığı vəziyyətinə gətirdiyi bildirilib.
İran da ABŞ-ın nüvə proqramı ilə bağlı birbaşa danışıqlar tələblərinə qarşı çıxıb və mümkün hücumlarla yanaşı, bu tələblərə də müqavimət göstərməyə davam etdiyini bildirib.
İran ABŞ prezidenti Donald Trampın birbaşa danışıqlar təklifini rədd etdiyini, lakin Oman vasitəsilə dolayı danışıqları davam etdirməyə hazır olduğunu bildirib. Oman uzun müddətdir ki, iki ölkə arasında vasitəçi kimi çıxış edir. İranın yüksək rütbəli rəsmisi “Reuters” agentliyinə bildirib ki, dolayı danışıqlar ABŞ-ın İranla siyasi həll axtarışında səmimiyyətini yoxlamaq imkanı verib və lazımi siqnallar alınarsa, danışıqlar davam etdirilə bilər.