Bugünlərdə C.Orucov BBC-yə verdiyi videomüsahibəsində maddi durumu ağır olduğuna görə ailəsini Ermənistanda qoyub Azərbaycana dönəcəyini bildirib: «Bir burda qaçqınlar üçün mərkəzdə yaşayırıq. Əsasən Suriyadan, Afrika ölkələrindən gələn qaçqınlardı burada. İrəvanda sərbəst gəzirəm yoldaşımla. Bir az qorxumuz var, cinayətkar ünsürlərdən qorxuram. Bizim təhlükəsizliyimiz təmin olunmayıb burada. Qaçqın olaraq da heç bir yardım olunmur. Öz hesabıma dolanıram. Nə aylıq hesab görürəm, nə də bir qəpik. Bütün qaçqınlar öz hesablarına yaşayırlar. Kömək edən yoxdur. Qaçqınların məsələlərinə baxan idarəyə getdim, qapıdan içəri buraxmadılar. Belə yaşamaq çətindi. Belə getsə ailəmi Ermənistan hökumətinə tapşırıb, özüm Azərbaycana qayıdacağam. Burada işləyə də bilmərəm. Ümumiyyətlə, burada bizimlə maraqlanan yoxdu. Hələ pasport da almamışıq».
Bəs Cavid Orucov Azərbaycana qayıtsa, onu hansı aqibət gözləyir? Düşmən ölkəyə könüllü olaraq, siyasi sığınacaq üçün müraciət etdiyinə görə geri - Azərbaycana qayıtsa, Cavid Orucova cinayət işi açıla bilərmi?
Araşdırmaçı-yazar, sabiq xüsusi xidmət zabiti Arzu Nağıyev məsələnin həm hüquqi, həm də mənəvi izahını verdi: «İnsanlar xaricdən sığınacaq istəyərkən əsas arqument kimi siyasi baxışlarına, etnik mənsubiyyətinə, dini əqidələrinə görə yaşadığı ölkədə təqiblərə məruz qaldıqlarını bildirirlər. Son vaxtlar bunlara bir cinsi azlıqların nümayəndəsi kimi təqiblərə məruz qalma da əlavə edilib. Cavid Orucov da bu kriteriyaların heç birinə uyğun gəlməyən şəxsdir. Sadəcə olaraq, nəyin bahasına olursa olsun, Ermənistan vasitəsilə üçüncü ölkəyə mühacirət etmək məqsədi güdür. Yəqin ki, hər hansı bir ziddiyyətli məsələ olsaydı, istər hüquq-mühafizə, istər qeyri-hökumət təşkilatları, istərsə də media vasitəsilə bu məsələni gündəmə çıxarardılar. Lakin bu, baş verməyib. Ən ağrılı məsələ isə Ermənistanı seçməklə və bundan kiçik övladlarından istifadə edərək mənəviyyat məsələsini ortaya qoyub».
A.Nağıyev Cavid Orucova cinayət işi açılması üçün əməllərində cinayət tərkibinin olmasının vacibliyini qeyd etdi: «Cinayət işinə gəldikdə isə bunun üçün obyektiv və subyektiv tərəflər, eyni zamanda məqsəd olmalıdır. Cavid Orucovun əməllərində bu epizodla bağlı zənnimcə cinayət tərkibi yoxdur, lakin Ermənistanla müharibə şəraitini nəzərə alaraq və onun bu ölkənin xüsusi xidmət orqanları ilə danılmaz görüşləri nəzərə alınaraq, müvafiq söhbət aparılmalıdır».
Arzu Nağıyev həm müxalifətin, həm də iqtidarın Cavid Orucovun hərəkətinə bəraət qazandıra bilməyəcəyini də vurğuladı: «Məncə, istər hakimiyyət, istərsə də müxalifət Cavid Orucovun bu hərəkətinə heç bir bəraət qazandıra bilməz. Bu, mənəviyyat məsələsidir. İstənilən ölkəyə mühacirət etmək olar və edənlər də var. Ermənistan məsələsi isə ləyaqət məsələsidir».
Arzu Nağıyev «Cavid Orucov ailəsi ilə birlikdə Azərbaycana qayıtsa, ailəsi-həyat yoldaşı hər hansı məsuliyyətə cəlb oluna bilərmi» sualına isə belə cavab verdi: «Cavid Orucovun ailəsini Ermənistanda saxlamaq istəyi iki yöndən qiymətləndirilə bilər. Birincisi, ermənilər onları siyasi məqsədlər üçün girov saxlayırlar, ikincisi isə Orucov bilir ki, üç aydan sonra Ermənistan hökuməti onunla bağlı müvafiq qərar verməlidir. Yəqin ki, azyaşlı övladlarına görə hansısa müsbət qərarlar verilə bilər. Yəni bu, bir siyasi gedişdir. Ailəsinin məsuliyyəti məsələsinə gəlincə isə onun azyaşlı övladlarının nə məsuliyyəti ola bilər ki?! Qaldı ki həyat yoldaşına... Yuxarıda qeyd edildiyi kimi, qanuna zidd hərəkəti varsa və sübuta yetirilərsə, cavabdehlik daşımalıdır».
A.Nağıyev C.Orucov təqiblərə məruz qalarsa, BMT-nin bu işə reaksiya verəcəyini də dedi: «Məlumdur ki, BMT qaçqın düşən, digər təqiblərə məruz qalan, girov götürülən, əsir düşən və s. statusu olan bütün vətəndaşlarla məşğul olur. Bütün bu sadalananlar Cavid Orucova şamil edilərsə, reaksiya verilə bilər. Amma yenə də qeyd etmək istəyirəm ki, bu statuslar qanun tərəfindən tənzimlənməlidir».
Qeyd edək ki, Azərbaycan vətəndaşı, 37 yaşlı Cavid Orucov yanvarın 29-da həyat yoldaşı və 3 uşağı ilə sığınacaq almaq üçün Ermənistana müraciət edib. Ailə bu addımını ölkədə təqibə məruz qalması ilə əsaslandırıb. Təqiblər isə onun guya erməni əsilli Bakı sakini 31 yaşlı Röya Mirzəyeva adlı xanımla ailə qurmasından sonra başlayıb. Ermənistan KİV-inin məlumatına görə, Orucovun bir qədər əvvəl Avropa ölkələrinə siyasi sığınacaq barədə müraciəti uğursuz olub. Azərbaycan tərəfi hələ bu məsələyə münasibət bildirməyib. Həyat yoldaşı erməni olan Cavid Orucovun ailəsinin gələcək taleyi ilə BMT-nin Ermənistan ofisi və Ermənistanın Miqrasiya Agentliyi məşğul olur.