Az qala sabiq sədr Səfər Mehdiyevin dövründən hazır olan binaya köçün ləngiməsi səbəbləri ilə maraqlandıqda maraqlı bir mənzərə ilə rastlaşdım.
“Qlobal Uptime” İnstitutunun rəsmi internet resursundan görünür ki, sən demə DGK yeni inzibati binada həm də Tier III səviyyəli nəhəng bir data mərkəz qururmuş.
“Qlobal Uptime” İnstitutu data mərkəzlərin performansını, etibarlılığını və səmərəliliyini artırmağa yönəlmiş qlobal bir təşkilatdır.
Data Mərkəzlərin dizaynı, tikintisi və fəaliyyəti üçün beynəlxalq səviyyədə qəbul edilmiş Tier Standartı da bu quruma məxsusdur.
İndi bu qurum deyir ki, DGK Tier III standartlı data mərkəz qurur.
Maraqlı tərəf isə ondan ibarətdir ki, DGK-nın bu addımı Prezidentin Hökumət Buludu ilə bağlı Fərmanı ilə daban-dabana ziddir.
Həmin Fərmana görə səmərəlilik və optimallaşma, xərclərin azaldılması və təhlükəsizlik baxımından dövlət resursları vahid bir Hökumət Buludunda saxlanılmalıdır.
Son zamanlar da dövlət büdcəsindən Hökumət Buludunun operatoru olan “AzİnTelecom” şirkətinə hökumətin Tier III səviyyəli data mərkəzinin inkişafı üçün yetərincə vəsaitlər ayrılıb.
Elə bu günlərdə bu qurum, ölkədə 2-ci olan süni intellekt əsaslı Superkompüter Mərkəzinin qurulması ilə bağlı 7.5 milyonluq bir tender də elan edib.
Yəni görünən odur ki, Prezidentin məlum fərmanında qarşıya qoyulan optimallaşma və səmərəlilik nəinki əldə edilib, əksinə dövlət büdcəsinin bu istiqamətdəki xərcləri daha da artıb.
Maraqlıdır ki, “AzİnTelecom”, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) də bu məsələyə münasibət bildirməyib.
Tier III standartı tələb edir ki, data mərkəzin mütləq ehtiyat (backup) Mərkəzi də qurulmalıdır. Yəqin bu yaxınlarda eşidərik ki DKG Yevlaxda, yaxud Hacıqabulda daha bir Mərkəz də quracaq.
Nə deyək, xeyirli olsun !
Ümid edirəm Prezident fərmanlarının icrasına nəzarət edənlər də baş verənlərin fərqindədir.