Bu bölgədə yeni dönəm yaradır. İsrail indiyədək ətrafında olmuş ölkələrin hamısı ilə savaşıb. İordaniya, Misir, Suriya, Livan. Hamısını da məğlub edib, öz şərtlərini qəbul etdirib.
Şübhəsiz ki, ilk növbədə öz nəhəng dostunun sayəsində. Xəbərlərə görə elə bu nədənlə İsrail Baş naziri Benyamin Netanyahu Trampla məsləhətləşməyə gedib.
O, Türkiyənin Suriyada hərbi bazalar yaratmasından, Suriyanı tam müdafiə edən hərbi güc qurmasından narazıdır. Bunu İsrail üçün qorxu sayır.
Türkiyə ilə “qonşuluq”, Türkiyənin Suriyaya nəzarəti İsrailin böyük planlarını əngəlləyir. İsrail özü Suriyada olmaq istərdi. Təkcə hərbi ilə yox. Fərqli vasitələrlə, formalarda.
Bütöv və sabit yox, parçalanmış, iç çəkişmələr içində boğulan Suriya İsrailin daha çox işinə yarayır.
Suriyanın Əsədlərin İranla birgə şiə anti-İsrail cəbhəsindən yeni, sünnü ərəblərin anti-İsrail cəbhəsinə çevrilə biləcəyini deyir İsrail və bunun qarşısını almağa çalışdığını bəyan edir.
Türkiyə ilə İsrail razılığa gələ biləcəklərmi?
Nələri razılaşdıracaqlar? Nələr üzərində çəkişməkdə davam edəcəklər? Bunlar Suriyada Türkiyənin siyasətinə necə təsir edəcək? Zamanla görəcəyik.