Onların bildirdiyinə görə, davaya səbəb kənar teatrların aktyor və rejissorlarının Akademik Milli Dram Teatrına dəvət edilməsinə etiraz olub.
Dava teatrın bədii şurasının iclasında baş verib. Xalq artisti Əli Nur çıxışı zamanı başqa teatrdan dəvət olunan aktyor və rejissorlara etiraz edib. Aktyor deyib ki, “Azdrama”ya təsadüfi rejissorlar dəvət etmək olmaz və bununla bağlı fikrini təhlil edib. Mübahisə yaranıb və aktyorlardan bir neçəsi Əli Nurun üstünə hücuma keçərək ona yumruq atıblar.
Vəziyyətin dramatik həddə çatacağını görən Xalq artisti Sabir Məmmədov hadisəyə biganə qala bilməyib. Sabir Məmmədov və teatrın direktoru İlham Əsgərov dava edənləri qucaqlayaraq iclas otağından çıxardaraq hadisə yerindən uzaqlaşdırıblar.
Aktyor deyir ki, teatrın bədii şurasında belə hadisə 150 ildə ilk dəfə baş verib.
Xalq artisti Əli Nur baş verən hadisə ilə Respublika Prokurorluğuna şikayət edib. Hadisə araşdırılır.