“Bloomberg”in məlumatına görə, nüfuzlu universitet “Wall Street”ə 750 milyon dollar dəyərində vergiyə cəlb olunan istiqraz satmağı hədəfləyir.
Universitet rəhbərliyi tərəfindən edilən şərhdə, bunun fövqəladə plan olaraq qüvvəyə minəcəyi və akademik işlərin və tədqiqatların inkişafı üçün lazım olan resursların dəyərləndirildiyi ifadə edildi.
Tramp administrasiyası keçən il ABŞ-da başlayan anti-İsrail etirazlarına qarşı sərt addımlar atır. Vaşinqton nüfuzlu universitetlər üçün ayrılan 9 milyard dollar vəsaiti yenidən nəzərdən keçirir.
Ağ Ev keçən həftə Harvarda məktub göndərərək etirazçılara hər hansı nümayiş zamanı maska taxmağın qadağan edilməsini, müxtəlifliyə, bərabərliyə və inklüzivliyə yönəlmiş proqramların dayandırılmasını və lazım gəldikdə təhlükəsizlik qüvvələri ilə əməkdaşlığa nail olunmasını tələb edib. Əgər bunlar yerinə yetirilməsə, federal maliyyənin kəsiləcəyi bildirilirdi.
Harvard Universiteti məktubun alındığını təsdiqləyib, lakin hələlik tələblərlə bağlı açıqlama yaymayıb.
Digər tərəfdən Harvard rəhbərliyi, Yaxın Şərq Araşdırmaları Mərkəzinin (CMES) direktoru Camal Kafadar və köməkçisi Rozi Bşiri keçən ay vəzifədən azad etmişdi. CMES-in bəzi işlərində “antisemitizm ehtiva etdiyi” iddia edilir.
Tramp həmçinin ABŞ-da etirazların başlanmasına səhnə olan Kolumbiya Universitetini, kampusda “antisemitizmə qarşı” tədbirlər görülməsə, maliyyəni kəsməklə hədələyib. Kolumbiya, müddətin son günündə Trampın bəzi tələblərinin qəbul edildiyini açıqladı.
Kolumbiyada etirazlara dəstək verən aparıcı simalardan biri, fəal Mahmud Xəlilin saxlanılması da gündəm olub. Tramp Xəlilin “HƏMAS tərəfdarı” olduğunu və deportasiya edilməli olduğunu iddia etmişdi.
Bundan əlavə, Tufts Universitetinin doktorantı Rümeysa Öztürkün saxlanılması da müzakirələrə səbəb olub. ABŞ dövlət katibi Marko Rubio Öztürkün tələbə vizasının ləğv edildiyini və deportasiya ediləcəyini açıqlayıb və daha sonra federal hakim Denise Kasper deportasiya prosesinin dayandırılmasına qərar verib. Luiziana ştatındakı təcridxanaya aparılan Öztürk Vermontda yenidən mühakimə olunacaq.
2024-cü il aprelin 18-də Kolumbiya Universitetində başlayan hadisələr, on minlərlə tələbə və akademikin iştirakı ilə Prinston, Yale, MİT və Harvard kimi nüfuzlu təhsil ocaqları da daxil olmaqla bir çox universitetə sürətlə yayıldı. “The New York Times” qəzetinin məlumatına görə, iyul ayında səngiyən etirazlarda aralarında tələbələr və akademiklər də daxil olmaqla ən azı 3100 nəfər həbs edilib və ya saxlanılıb.
ABŞ-ın o zamankı prezidenti Co Bayden də bu hərəkətlərə reaksiya verərək, “Antisemitizm ehtiva edən bu etirazları qınayıram” demişdi.