Köhnələrin getməsi, yenilərin gəlməsi nəyi dəyişə bilər? Klubun baş məşqçisinin 15 ildən çoxdur eyni üslübdan geri çəkilməməsi, mühafizəkar oyunu, oyunun gedişini dəyişə bilməməsi, fövqəladə hallarda B planının olmamasının səbəbi güman ki, hansısa oyunçunun ya motivasiyasının azalması, ya fərdi bacarıqlarının korşalmaması ilə bir əlaqəsi yoxdur. “Qarabağ”ın problemi odur ki, oyun tərzi dəyişmir və bu, tək onun Avropa səhnəsində rəqibləri tərəfindən asanlıqla çözülməsi deyil, həm də daxili çempionatda darıxdırıcı təəssürata səbəb olması ilə nəticələnir. Tutaq ki, getdi filan oyunçular, onların yerinə gəldi başqaları. Nə dəyişəcək? Bu, dəyişiklikdir, yoxsa ömür uzatma? Oyunçuların dəyişilməsi komanda oyununun dəyişilməsidirmi?
Babalı öz boyunlarına, ancaq məndə bəzi suallar var ki, bunları verməyə idman mediamızın cəsarəti çatmır. Sadalayım:
1. Edilən transferlər artıq neçənci dəfədir ki, “lax” çıxır. Bunun məsuliyyətini üzərinə götürüb səhvini boynuna alan, bu tendensiyanı analiz edən varmı?
2. Addai və Kaşşukun adları çəkilir. Bəyəm onların səviyyəsinin Avropa miqyaslı yarışlara cavab vermədiyini məşqçi və seleksiya heyəti əvvəlcədən görmürdülər?
3. Outlet oyunçular, məsələn, Patrik Andradenin geri transferi edilərkən klub hansı yenilənməyə, keyfiyyət dəyişikliyinə ümid edirdi?
4. Baş məşqçi “yenilənmə”ni İsveçdəki rəqabətdən qaçıb “Qarabağ”a sığınan, bu il əlahiddə heç nə ilə (davadan savayı) yadda qalmayan Musa Qurbanlıya münasibətən də tətbiq edəcəkmi?
5. 1 milyona transfer edilən polşalı Koxalskinin Şahruddinə görə kifayət qədər oyun vaxtı ala bilməməsi problemi “yenilənmə”dən sonra çözüləcəkmi? Axı bu adam qapıda durmalıdır ki, oyuna isinişsin! Bir oyun oynadılır, 3 oyun ehtiyatda qalır. Avropanın hansı komandasında belə bir təcrübə var? Ağsaqqal Şesnı gəlib, “Barselona”nın bütün oyunlarında oynayır. Səhv oldu, olmadı, - təcrübənin yolu budur. “Qarabağ”da isə 1 milyon qiyməti olan avropalı qapıçı təcrübəsiz qalıb, Şahruddin isə təraş olunmur deyə “oyun təcrübəsi”nə sahib olmaldır.
6. Komandada bəzi seçilmişlərin mütləq oynadılması praktikasına son qoyulacaqmı?
7. Yeni oyunçular oyun tərzinə hansı yenilik gətirəcəklər? Yaxud, tərzi oyunçular yeniləyir, yoxsa baş məşqçi?
Yuxarıdakı bütün sualların cavabdları sonuncu sualdadır. Nə qədər ki, texniki heyət dəyişməyib, hansısa yenilənmə barədə danışmaq əbəsdir. Formaların kürəyindəki nömrələrin üstündəki adlar dəyişəcək, planşetə təpik vurub sındıranın adı isə eyni olacaq...