Vaxt.Az

Dünya tənəzzülə doğru


 

Fondlar, əmtəələr, qlobal bazarlarda nə baş verir?

Dünya tənəzzülə doğru ABŞ Prezidenti Donald Trampın yeni tarifləri qlobal birjalarda böyük təlatümlərə səbəb olub, qlobal tənəzzül qorxusunu artırıb. Səhmlərin həyəcan verici şəkildə düşdüyü fırtınalı günün ardından bazarlar bu gün bir qədər sakitləşdi.

Lakin Trampın dünən Çinə qarşı tarif təhdidlərini artırması və Avropa Birliyinin (AB) əks tariflər tətbiq etmək planları qlobal iqtisadiyyatı tənəzzülə sürükləyə biləcək uzunmüddətli ticarət müharibəsi qorxusunu artırıb.

Tənəzzül istehsalın, ölkənin ümumi daxili məhsulunun (ÜDM), satışların və ixracın iki ardıcıl üç aylıq dövr üçün daraldığı ümumi iqtisadi fəaliyyətin yavaşlamasıdır.

 

Fond bazarları

 

BBC-yə müsahibə verən bəzi iqtisadçılar bildiriblər ki, “birjada baş verənlər iqtisadiyyatda baş verənlərdən fərqlidir və səhm qiymətlərinin düşməsi həmişə iqtisadi bədbəxtliyin gəlməsi demək deyil, həm də daha geniş tənəzzülə səbəb ola bilər”.

Mütəxəssislər bildiriblər ki, hazırda yaşanan kimi birja dəyərlərində böyük enişlər qlobal fond bazarlarını təşkil edən şirkətlərin gələcək qazanclarının köklü şəkildə yenidən qiymətləndirilməsi deməkdir.

Bazarlar ağlabatan olaraq, artan tariflərin daha yüksək xərclərə və aşağı mənfəətə səbəb olacağını gözləyir. BBC bildirib ki, bu, tənəzzülün qaçılmaz olduğu anlamına gəlmir, lakin tənəzzül şansı Trampın bir əsrdə ən sərt və ən geniş tarifləri elan etməsindən əvvəlkindən qat-qat yüksəkdir.

“BlackRock”un baş direktoru Larri Fink bazar ertəsi “Reuters” agentliyinə bildirib ki, ABŞ-ın ağır tariflər tətbiq etməsi nəticəsində ABŞ fond bazarları 20 faiz ucuzlaşa bilər və iqtisadiyyat artıq tənəzzülə uğraya bilər. Nyu-York İqtisadiyyat Klubunda çıxış edən Fink inflyasiya təzyiqlərinin bazarın gözlənildiyindən qat-qat çox olmasından narahatlığını ifadə edib.

 

Əmtəə birjaları

 

Mis və neft qiymətləri qlobal iqtisadiyyatın sağlamlığının barometridir. Tramp tarifləri elan etdikdən sonra hər ikisi ucuzlaşıb. Dünənki sessiyada neftin qiyməti son rüsumların enerji tələbatını azaldacağı ilə bağlı narahatlıqlar səbəbilə 2 faiz azalaraq, dörd ilin ən aşağı səviyyəsinə yaxınlaşıb. Amma neftin qiyməti bu gün 1 faizdən çox artıb.

ABŞ-ın investisiya bankı “Goldman Sachs”, ticarət müharibəsi davam etdiyi üçün qlobal neft markası “Brent”in bir barelinin qiymətinin 40 dollardan aşağı düşə biləcəyini bildirib.

 

Banklar

 

Banklar çox vaxt iqtisadi fəaliyyətin göstəriciləri kimi qəbul edilir. Tramp-ın tarifləri elan edildikdən sonra, “JP Morgan” da daxil olmaqla ən azı yeddi böyük investisiya bankı tariflər və əks-tariflər səbəbiylə qlobal tənəzzül şansı 60 faiz olaraq qiymətləndirən tənəzzül riski təxminlərini artırdı.

İnvestorlar istehlak xərclərinin, kredit tələbinin və sövdələşmələrin azalmasına hazırlaşırlar. ABŞ bankı “Wells Fargo”nun analitiki Mayk Mayo “Reuters”ə bildirib ki, “Banklar gələcəkdə öz kredit itkiləri ehtiyatlarını artırmalı olacaq və bu, mənfəətə təsir edəcək”.


Nyu-York Birjasında bəzi investorların fikirləri

 

ABŞ-ın ən böyük birjası olan Nyu-York Birjasında ticarət edən Stiven “The Guardian”a bildirib ki, bazar dəyişkənliyi “nə baş verdiyini heç kim bilmir. Biz də bilmirik. Dünən inanılmaz dəyişkənlik yaşadıq. Bazar o qədər qəfil çökdü ki, hamımız çaşqın olduq. Ümid etməliyik ki, Trampın açıqlamadığı bir fəaliyyət planı var. Mən ümidlərimi buna bağlamışam. Çünki reallıqda bu, çox qorxulu və fəlakətli ola bilər”.

Digər investor Qordon bildirib ki, bu gün bazarlarda müəyyən canlanma müşahidə olunsa da, bu, vəziyyətin stabilləşdiyi anlamına gəlmir. O, növbəti bir neçə gün ərzində daha da volatil olacağını gözlədiyini deyib.

Digər təcrübəli investor Entoni, “Hazırda tənəzzül içində olduğumuza şübhə yoxdur. Ancaq Donald Trampın erası sonsuza qədər davam etməyəcək. Hazırda onun mərhəmətində ola bilərik, amma heç nə əbədi deyil. Tənəzzülə səbəb olan prezident heç vaxt yenidən seçilməyəcək, onun partiyası da”.

 





08.04.2025    çap et  çap et