Trampın Netanyahu qarşısında Ərdoğanı tərifləməsi və Türkiyəni dəstəkləməsi təəccüb doğurmaya bilməz. Aydındır ki, ABŞ NATO üzvü Türkiyənin Suriya hakimiyyətini öz təsirinə almasında maraqlıdır. Digər tərəfdən, yəqin ki, İsrailin Türkiyəni Suriyada sıxışdırmaq üçün Rusiyanı oyunda saxlamağa çalışması və rus bazalarının Suriyadakı mövcudluğunu davam etdirməsi məqsədilə lobbiçilik aparması Vaşinqtonda xoş qarşılanmayıb. Trampın mesajı da budur ki, İsrail Suriyada digər aktorlarla əməkdaşlıq qurmaq yerinə, Türkiyə ilə ikitərəfli formatda ortaq məxrəc tapmalıdır.
Artıq İsrail və Türkiyə arasında Suriyada hərbi toqquşmamaya yol verməmək üçün “qaynar xətt” yaradılması məqsədilə danışıqlar başladığına dair xəbərlər də var. Bənzər qaynar xətt son 10 ildə İsrail və Rusiya arasında da qurulmuşdu. Həmin razılaşmaya əsasən, Suriyadakı rus hərbi bazaları və radarları İsrailə qarşı istifadə olunmurdu, əvəzində İsrail qırıcıları İran dəstəkli hədəflərə hücum edərkən Rusiyanı əvvəlcədən məlumatlandırırdı. Trampın istəyi ilə bənzər model Türkiyə və İsrail arasında da yaradıla bilər: Türkiyə Suriyadakı fəaliyyətlərini davam etdirəcək, İsrail isə Türkiyə obyektlərindən yan keçməklə, Suriyada təhdid gördüyü bütün hərbi hədəfləri vura biləcək.
Məncə, Trampdan sonra, uzunmüddətli perspektivdə Suriyada İsrail-Türkiyə toqquşması qaçılmaz görünür. Lakin İran məsələsi yekunlaşmadan, İsrail ilə Türkiyənin birbaşa və ya dolaylı münaqişəyə başlayacağına ehtimal vermirəm.